Bu halda hər amerikalıya 5 min dollar verəcək

Bu halda hər amerikalıya 5 min dollar verəcək

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilər ərəfəsində amerikalılara 5 min dollarlıq “Tramp dividendi” vədini yenidən gündəmə gətirib.

“Qafqazinfo”nun xəbərinə görə, Tramp Alabama ştatının Mobil şəhərində keçirilən mitinqdə bildirib ki, Respublikaçılar Nümayəndələr Palatası və Senatda çoxluğu qoruyarsa, ölkədəki hər bir yetkin ABŞ vətəndaşına 5 min dollar ödəniləcək.

O, vədlə bağlı əsas şərtini də açıqlayıb. Prezidentin sözlərinə görə, vətəndaşlara veriləcək 5 min dollar yalnız ABŞ daxilində xərclənməlidir.

Tramp Mobil mitinqində ödəniş proqramının ümumi dəyərinin təxminən 1 trilyon dollar olacağını və bunun mümkün olduğunu deyib. O, maliyyələşmədə gömrük tariflərindən əldə olunan gəlirlərə işarə edib.

ABŞ-də 18 yaşdan yuxarı təxminən 240-245 milyon vətəndaşın olduğu nəzərə alınarsa, hər birinə 5 min dollar ödənilməsi ümumilikdə 1,2 trilyon dollardan çox vəsait tələb edə bilər.

Trampın vədi avtomatik ödəniş demək deyil. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, belə ödənişlərin həyata keçirilməsi üçün Konqresin qanunvericilik təsdiqi tələb olunur.

Mənbə: qafqazinfo.az