Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 6 oktyabr tarixində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan vətəndaşının (6 nəfər qadın, 7 nəfər uşaq olmaqla) ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.

Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Mənbə: qafqazinfo.az