Trampın müşaviri İrəvanda: Paşinyan və II Qareginlə görüşün arxasında nə dayanır?

Trampın müşaviri İrəvanda: Paşinyan və II Qareginlə görüşün arxasında nə dayanır?

ABŞ prezidenti Donald Trampın dini məsələlər üzrə baş müşaviri, “ruhani müəllimi” kimi tanınan Pola Uayt-Keyn oktyabrın əvvəlində Ermənistana səfər edib.

Xarici KİV-ə istinadən xəbər verir ki, Keyn səfər çərçivəsində baş nazir Nikol Paşinyanla görüşüb.

Onun İrəvana gəlişinin bir səbəbi bildirildiyinə görə, Paşinyanın təşkil etdiyi ikinci Dua səhər yeməyində iştirak etmək olub.
Lakin maraqlısı odur ki, Trampın dini məsələlər üzrə baş müşaviri Paşinyanla yanaşı, onunla qarşıdurmada olan Katalikos II Qareginlə də görüşüb.
Qeyd edək ki, Ermənistanda II Qareginə qarşı müxtəlif ittihamlar irəli sürülüb. Eyni zamanda, parlamentdə kilsədəki vəziyyətin araşdırılması üçün istintaq komissiyası yaradılıb.
Amerika rəsmisinin bu səfəri və keçirilən görüşlərin arxasında hansı mesajlar dayanır?
Konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, Rusiya Ermənistana qarşı hansısa bir formada intervensiyaya çalışır:
“Bu isə sözsüz ki, ABŞ-nin diqqətindən yayına bilməz. Paşinyanın kilsə hakimiyyəti və revanşistlərə qarşı müəyyən tədbirlər görməsi və bu fonda Moskvanın da həmin qüvvələrdən istifadə etməklə Ermənistan iqtidarına təzyiq göstərməsi ölkədə əlavə sosial gərginlik yarada bilər”.
Müsahibimizə görə, belə vəziyyətin yaranması isə ABŞ-nin strateji planlarına uyğun deyil:
“ABŞ TRİPP layihəsinin gerçəkləşməsində israrlıdır və onun da fərqindədir ki, Rusiya ilə İran bu layihənin həyata keçməsinə maksimum dirəniş göstərir. Onlar bütün vasitələrə əl atırlar ki, Vaşinqton Cənubi Qafqazda, xüsusən də Ermənistanda möhkəmlənə bilməsin”.
Konfliktoloq hesab edir ki, Donald Trampın dini məsələlər üzrə baş müşaviri Pola Uayt-Keynin səfəri Ermənistan daxilindəki potensial gərginliyi yumşaltmağa, daxili qüvvələrin Paşinyana qarşı presinqini azaltmağa yönəlib: “Güman ki, Paşinyan və II Qareginlə görüşlər Ermənistana qarşı gözlənilən Rusiya intervensiyasının qarşısını hansısa bir formada almağa, zərərsizləşdirməyə hesablanıb”.

Mənbə: www.bakupost.az