Azərbaycan 1980-ci illərin sonundan bəri məcburi köçkünlərin və itkin düşmüş şəxslərin faciəsi ilə üz-üzə qalıb. İtkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi böyük humanitar narahatlıq olaraq qalır. Onların arasında mülki şəxslər, o cümlədən qadınlar, yaşlılar və uşaqlar var.
Bu barədə Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, beynəlxalq təşkilatlar, humanitar mexanizmlər və vətəndaş cəmiyyəti təşəbbüsləri var, lakin itkin düşmüş şəxslərin sayı artmaqda davam edir.
“Bu, beynəlxalq humanitar hüquqa hörmətin gücləndirilməsi və mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi üçün təxirəsalınmaz ehtiyacın olduğunu bizə xatırladır. İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və təcrübə tələb edir. Lakin hər şeydən əvvəl, bu, dərin humanitar məqsədə sadiqlik tələb edir. Humanitar ölçü bütün səylərimizin mərkəzində qalmalıdır.
Sülh danışıqları və sazişlər hərbi əməliyyatlara son qoya bilər, lakin davamlı sülh barışıq tələb edir. Sülh, nəticədə, əziyyət çəkən insanların həyatına və qəlblərinə çatmalıdır”,- deyə o bildirib.
Sabiq nazir əlavə edib ki, Cənubi Qafqaz münaqişə, məcburi köçkünlük və dərin insani əzablar yaşayıb.
“Sülh quruculuğu və barışığın tərkib hissəsi kimi bu açıq yaranın aradan qaldırılması, şübhəsiz ki, insanlar arasında qarşılıqlı etimadı artıracaq və davamlı sülh üçün güclü sosial təməl yaradacaqdır. Məhz buna görə Bakı Dialoqu böyük əhəmiyyət kəsb edir”,- deyə o bildirib.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfrans keçirilir.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.
Mənbə: az.trend.az