İsraildə keçiriləcək parlament seçkilərindən sonra qalib siyasi qüvvənin hökumət formalaşdırması asan olmayacaq. Heç bir partiyanın mütləq çoxluq qazanmayacağı gözlənildiyindən, qalib, digər siyasi qüvvələrlə koalisiya yaratmaq üçün danışıqlar aparmalı olacaq.
Publika.az xəbər verir ki, bunu “Lenta.ru”ya müsahibəsində şərqşünas Luiza Xlebnikova deyib.
Onun sözlərinə görə, bu vəziyyət həm müxalifətə, həm də baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasına aiddir. Netanyahunun əsas vəzifəsi daha geniş və dayanıqlı koalisiya yaratmaq olacaq. Ekspert qeyd edib ki, baş nazirin hazırkı koalisiya tərəfdaşları ilə də yaxın vaxtlarda fikir ayrılıqları olub.
Xlebnikova Netanyahunun qarşılaşdığı əsas dilemmanı da açıqlayıb. Onun sözlərinə görə, baş nazir ultraortodoks yəhudi partiyalarının dəstəyi olmadan hökumət formalaşdıra bilməz. Lakin bu qüvvələrlə ittifaq hərbi xidmətə çağırışın haredimlərə də şamil edilməsini istəyən digər sağçı qüvvələri koalisiyaya cəlb etməyi çətinləşdirir.
Ekspert, həmçinin İsrailin Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi məsələsinə toxunub. O bildirib ki, yaxın gələcəkdə İsrail hakimiyyətindən belə bir təşəbbüs gözləmək çətindir.
Müəllif: Adəm
Mənbə: publika.az