Saakaşvilidən Rusiya ilə bağlı İLGİNC AÇIQLAMA

Saakaşvilidən Rusiya ilə bağlı İLGİNC AÇIQLAMA

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Rusiya ilə baş vermiş müharibənin nəticələri barədə diqqətçəkən açıqlama verib. O, Moskvanın hərbi üstünlüyünə baxmayaraq, qarşıya qoyduğu əsas siyasi məqsədlərə nail ola bilmədiyini bildirib.

Saakaşvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Həqiqət budur ki, Rusiya 2008-ci ildə fəlakətli məğlubiyyətə uğradı”, - deyə Gürcüstanın keçmiş prezidenti yazıb.

Saakaşvilinin sözlərinə görə, Rusiya qüvvələrinin say və hərbi imkanlar baxımından böyük üstünlüyünə baxmayaraq, Moskva Gürcüstanın dövlətçiliyini, müstəqilliyini və azadlığını sarsıda bilməyib.

O bildirib ki, Rusiya Gürcüstanın siyasi kursunu dəyişdirmək və qarşısına qoyduğu strateji məqsədlərə çatmaq niyyətində də uğursuzluğa düçar olub.

Keçmiş prezident 2008-ci il müharibəsini Gürcüstan xalqının müqavimət iradəsinin nümunəsi kimi qiymətləndirib.

Saakaşvili vurğulayıb ki, Gürcüstanı sındırmaq mümkün olmayıb və gürcü xalqını “qələbə üçün doğulmuş millət” hesab etdiyini bildirib.

Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Gürcüstan isə bu əraziləri Rusiya tərəfindən işğal olunmuş hesab edir.

Mənbə: musavat.com