Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kabiri qəbul edib.

Bu barədə nazir "X" sosial media hesabında yazıb.

Qeyd olunub ki, görüşdə AQEM Sammitinin uğurlu nəticələri vurğulanıb.

"Azərbaycan–Banqladeş münasibətlərinin daha da möhkəmləndirilməsi, o cümlədən siyasi dialoqun inkişafı və qarşılıqlı səfərlərin təşkili məsələlərini müzakirə etdik. Həmçinin enerji, təhsil, humanitar sahə və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirdik, BMT və digər çoxtərəfli platformalar çərçivəsində koordinasiyanın vacibliyini qeyd etdik", - o qeyd edib.

Nazir bildirib ki, görüş zamanı Qoşulmama Hərəkatı çərçivəsində, o cümlədən onun Parlament Şəbəkəsi və Gənclər Təşkilatı vasitəsilə əməkdaşlıq da vurğulanıb:

"Azərbaycanın 2027-ci ildə ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti Sammitinə hazırlıq məsələlərini də müzakirə etdik".

Mənbə: www.aznews.az