Türkiyəli jurnalistin üzrü gərginliyi bitirəcək, yoxsa yeni qalmaqal başlayacaq?

Türkiyəli jurnalistin üzrü gərginliyi bitirəcək, yoxsa yeni qalmaqal başlayacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist Celal Çiftçi Azərbaycanda narazılıq və incikliyə səbəb olan açıqlamalarına görə Azərbaycan dövlətindən və xalqından üzr istəyib.

Jurnalist Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq niyyətinin olmadığını bəyan edib. O, Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətlə yanaşdığını vurğulayıb.

Celal Çiftçi Azərbaycanın gələcəyi ilə bağlı qərarların yalnız Azərbaycan xalqına və ölkənin konstitusion institutlarına aid olduğunu qeyd edib. Jurnalist qardaşlıq münasibətlərinə zərər vurmaq istəmədiyini bildirərək, açıqlamalarının yaratdığı narazılığa görə təəssüfünü ifadə edib.

“Qardaşlığımıza zərər vurmaq istəmədim. Sözlərimlə incikliyə səbəb olduğum üçün üzgünəm və peşmanam. Azərbaycan dövlətindən və Azərbaycan xalqından bir daha səmimi-qəlbdən üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm”, – deyə o bildirib.

Bəs Celal Çiftçinin üzr istəməsi yaranmış narazılığın aradan qaldırılması üçün kifayət edəcəkmi? Azərbaycana qarşı səsləndirilən fikirlər və aparılan kampaniya dayandırılacaq, yoxsa proses bundan sonra da davam edəcək?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycan dövləti üzr istəyərək səhvini etiraf edən şəxslərə münasibətdə qanunvericiliyin imkan verdiyi çərçivədə yumşaldıcı addımlar ata bilər:

images.jpg (25 KB)

“Əlbəttə ki, Azərbaycan dövləti böyükdür, bağışlamağı da bacarır. Mən düşünürəm ki, dövlətimiz bunu bir presedentə çevirməlidir. Üzrxahlıq edərək səhvini etiraf edənlərlə bağlı yumşaldıcı addımlar atılmalıdır. Yəni dövlət qanunvericiliyin yol verdiyi çərçivədə həmin şəxsin üzrxahlığını nəzərə almalıdır. Əlbəttə, yerindən duran hər kəsin bizi söyməsi, təhqir etməsi, dövlət çevrilişinə çağırışlar səsləndirməsi və sair, sonra da üzr istəməsi ilə razılaşmaq olmaz. Sadəcə, elə bir variant seçilməlidir ki, birincisi, Türkiyə-Azərbaycan münasibətlərinin zədələnməsinə səbəbkar olmayaq. Digər tərəfdən, bizə ağzına və ağlına gələni söyləyənlər də məsuliyyətdən kənarda qalmasınlar.

Bu baxımdan düşünürəm ki, Azərbaycan dövləti həmin jurnalistlə bağlı başladığı təqibi davam etdirməli, onu da prosesə cəlb edərək ifadəsini almalıdır. Bütün bunlardan sonra həmin şəxs Azərbaycana gələrək hüquq-mühafizə orqanlarına, konkret olaraq prokurorluğa şəxsən ifadə verməli, üzrxahlığını da yazılı şəkildə təqdim etməlidir. Bundan sonra Azərbaycan dövləti, məncə, humanizm aktı olaraq onun üzrxahlığını qəbul etməli və başqalarına da örnək olacaq şəkildə məsələyə son qoymalıdır.

Yeri gəlmişkən, həmin şəxsin üzrxahlığından sonra Türkiyənin daha bir jurnalisti – Fatih Tezcan özünün onlayn televiziyasında təhqirlər səsləndirdi, müxtəlif aşağılayıcı karikaturalar yaydı. Görürsünüzmü, birini bağışlasaq da, digər tərəfdən başqa biri ortaya çıxacaq. Ona görə də presedent yaratmaq lazımdır.

Bundan başqa, Azərbaycan və Türkiyə dövlətlərinin müvafiq qurumları birlikdə işləməlidirlər. Çünki Türkiyədə belə bir xəstəlik yaranıb: yerindən duran elə bilir ki, Azərbaycana nəyisə diktə edə bilər və buna haqqı var. Hətta dövlət strukturlarında təmsil olunmayan, yəni təsadüfi şəxslər belə Azərbaycana hökm edə biləcəklərini düşünürlər. Ona görə də onların, belə desək, “ağzının payını” mütləq verməliyik”.

Xalidə Gəray

Mənbə: musavat.com