Türkiyəni mollalaşdıran zehniyyət Azərbaycana dərs keçə bilməz! - Video

Türkiyəni mollalaşdıran zehniyyət Azərbaycana dərs keçə bilməz!

Son günlərdə baş verənlər, Azərbaycandakı dünyəvi təhsil sisteminə dil uzadanlar yəqin ki çox şeyi bilmirlər və ya hesablamırlar. Əvvəlcə hamı düşünməlidir. Azərbaycan müasir dövlət olaraq bu günlərə necə gəlib çıxıb? Azərbaycanla qardaş ölkə Türkiyənin bu gününü və dünənini fərqləndirən hansı əsas fundamental amillər mövcuddur?

Əlbəttə, həm tarixi-coğrafi, həm milli-mənəvi oxşarlıq və fərqliliklər kifayət qədərdir.

Müasir Türkiyə son 20-25 ildir özünü Osmanlı imperiyasının varisi olmaqla yanaşı Xilafətin də davamçısı və Xilafət coğrafiyasının tarixi-mənəvi sahibi hesab edir. Buna əsas verən faktlar da tarixin yaddaşındadır.

Azərbaycan isə 19-cu əsrdə təməli qoyulmuş Milli maarifçilik yolunu keçib. Məhz milli maarifçiliyin həmin dövrdən etibarən Milli burjua ilə bütövləşməsi sayəsində qurulmuş Şərqdə ilk demokratik Respublikanın tarixi davamçısı və sekulyar varisidir.

İndi gələk Türkiyənin Azərbaycanda görmək istədiklərinə...

Hazırda Türkiyədə hökm sürən dini-məzhəbçi mənzərəyə hamımız şahidlik edirik. Bütün Türkiyə elədirmi? Xeyr. Amma onlar qardaş ölkədə söz və güc sahibidirlər. Azərbaycan məktəblərində şagirdlərin geyim qaydasına burun soxan, dil uzadanlar da məhz orada kök salmış islamçı-məzhəbçi hücrələr və onların uzantılarıdır. Türkiyədə topa-topa gəzən əmmaməlilərin də etdiyi məhz budur. Hansı haqla, hansı mənəviyyatla bu düşüncədə ola bilərsiniz?

Əlbəttə ki, ağlasığmaz olduğu qədər qeyri-mümkün təmənna, arzu və ya cəhddir.

Dini element daşımayanlara qarşı aqressivləşmiş bu zehniyyətin Türkiyədə Atatürkü necə lənətlədiyi tez-tez görürük.

Özlərindən olmayan digər məktəbliləri kafir gözündə görənlər Atatürk ideyaları ilə yüksələn, qüdrətlənən, Atatürk ilkələri ilə sevilən bir məmləkəti hansı durumlara düşürürlər, necə də dini-məzhəbçi bataqlığa sürükləyirlər, ətrafdakıları da bu bataqlığa dartmağa çalışırlar.

Son 20-25 ildə Türkiyədə yetişdirilən yeni nəslin yaxın gələcəkdə hansı düşüncədə olacağı da narahatlıq yaradır, bəlkə onlar heç qalstuk da taxmadı, kostyum da geyinmədi. Vahiməli kəhanət olduğu kimi reallıqdır, tarixi sübutları çoxdur və göz önündədir, ölkələrin necə dünyəvilikdən qopub dini-məzhəbçi yoldan yürümələri..

Biz bilirik və inanırıq ki, Azərbaycan bu deyil, arzulanan həmin ölkə olmayacaq, Azərbaycan buna imkan verməz. Onlar da bunu başa düşə bilmirlərmi? Türkiyəni mollalaşdıran zehniyyət Azərbaycana arzularını hansı məntiq və haqla yeritməyə çalışar, hansı ağıllı geyim qaydası dərsi verməyə çalışar... onlar başa düşə bilmirmi?

Biz gələcəyimizi dünyəvi görürük və buna söykənən milli kimliyimiz, ənənələrimiz və ruhumuz var. Və ən əsasən milli maarifçiliyə söykənir, hansısa dini təriqətin, məzhəbin təəssüb hissini daşımırıq.

Bütün bu məsələlərin fonunda aşağıdakı videoya xüsusi diqqət etmək lazımdır. Ona görə ki, bu gün islamçı AKP-nin yetişdirdiyi gələcək nəsil budur və Azərbaycanda da gələcək nəsli bu formada görmək istəyirlər. Azərbaycan isə buna heç vaxt yol verməyəcək.

Aslan Vəliyev

Mənbə: qafqazinfo.az