İran ABŞ-yə meydan oxuyur: Tramp müharibəyə cəsarət edəcəkmi?

İran ABŞ-yə meydan oxuyur: Tramp müharibəyə cəsarət edəcəkmi?

İranla ABŞ arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı regionda gərginliyi artırır. Belə ki, İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu yeni hücumun mümkün nəticələri barədə xəbərdar edərək Tehranın da “yarımçıq işləri” olduğunu bildirib. ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti addımlar barədə qərar verəcəyini açıqlaması fonunda bu bəyanat diqqət çəkir. Tehran doğrudanmı yeni müharibəyə hazırlaşır, yoxsa bu, Vaşinqtona ünvanlanan çəkindirmə mesajıdır? Tərəflər arasında hərbi toqquşma yenidən başlaya bilərmi?

Bundan başqa, İranın xarici işlər naziri Benyamin Netanyahunu ABŞ-ni yeni müharibəyə sürükləməkdə ittiham edir. İsrail həqiqətən Vaşinqtonu hərbi əməliyyatları bərpa etməyə sövq edə bilərmi, yoxsa ABŞ və İsrailin İranla bağlı maraqları arasında fərqlər yaranmağa başlayıb?

Mövzu ilə bağlı politoloq, professor Qabil Hüseynli Musavat.com-a danışıb:

“İranın xarici işlər naziri Abbas Əraqçinin hansı materiallara və mənbələrə əsaslanaraq belə bir iddia irəli sürdüyünü bilmirəm. Ancaq hesab etmirəm ki, Amerika kimi dərin dövlət Trampa İrana qarşı yeni hərbi əməliyyatlara başlamaq üçün bu qədər geniş səlahiyyət və etimad göstərsin. ABŞ-də hazırda ciddi siyasi qarşıdurma yaşanır və bu şəraitdə Vaşinqtonun yeni müharibəyə başlaması ehtimalını yüksək qiymətləndirmirəm".

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Professorun fikrincə, Trampın siyasi mövqeyi də əvvəlki kimi möhkəm deyil:

"Onun impiçmenti məsələsi artıq siyasi gündəmdə real müzakirə predmetinə çevrilib. Rusiya neft sənayesinə qarşı Amerika sanksiyalarının aradan qaldırılması ilə bağlı qərarının Konqres tərəfindən ləğv edilməsi də ABŞ-də hakimiyyət daxilində ciddi fikir ayrılıqlarının olduğunu göstərir. Belə bir şəraitdə qərarları mübahisə doğuran və siyasi müqavimətlə üzləşən bir prezidentin üzərinə böyük müharibənin məsuliyyətini də qoyacaqlarmı? Məncə, bu, ciddi sualdır.

Digər tərəfdən, ABŞ-də Trampdan sonrakı siyasi hakimiyyətin taleyi ilə bağlı müzakirələr də gedir. Onun yerinə kimin gələcəyi, vitse-prezident Cey Di Vensin, yoxsa başqa siyasi fiqurların mövqelərinin güclənəcəyi məsələsi respublikaçılar daxilində mühüm müzakirə mövzusudur. Trampın diqqətinin bir hissəsinin bu siyasi proseslərə yönəlməsi də mümkündür. Belə olan halda, onun bütün siyasi və inzibati problemləri bir kənara qoyaraq İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa qərar verəcəyini düşünmürəm".

Qabil Hüseynli Tramp hakimiyyətdə olduğu müddətdə ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlara başlayacağını gözləmədiyini deyib:

"Əlbəttə, bu, regionda hərbi gərginliyin tamamilə aradan qalxacağı demək deyil. Tərəflər arasında qarşılıqlı təhdidlər, siyasi təzyiqlər və hərbi çəkindirmə siyasəti davam edə bilər. Ancaq yeni müharibənin başlanması ilə bağlı qərar təkcə prezidentin bəyanatlarından asılı deyil. Burada ABŞ-nin daxili siyasi vəziyyəti, hərbi və strateji hesablamaları, eləcə də mümkün müharibənin nəticələri nəzərə alınmalıdır".

İsraillə ABŞ-nin İrana münasibətdə maraqlarına gəlincə, professor hesab edir ki, bu iki dövlətin strateji məqsədləri əsasən üst-üstə düşür:

"Həm Vaşinqton, həm də Təl-Əviv İranın hərbi və regional gücünü zəiflətməyə, onun Yaxın Şərqdəki təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Bu mənada, onların İranla bağlı maraqları arasında prinsipial fərq görmürəm.

Lakin əsas məsələ ABŞ-dəki siyasi vəziyyətdir. Hazırda Vaşinqtonda siyasi qeyri-müəyyənlik və hakimiyyət daxilində fikir ayrılıqları müşahidə olunur. İsrail İrana qarşı daha sərt addımların atılmasında maraqlı olsa belə, ABŞ-nin bu çağırışlara hansı səviyyədə cavab verəcəyi ayrıca məsələdir. Məncə, hazırkı şəraitdə Vaşinqtonun İrana qarşı yeni müharibəyə başlamasından daha çox, siyasi və diplomatik təzyiq vasitələrindən istifadə etməsi ehtimalı yüksəkdir”.

Xalidə Gəray

Mənbə: musavat.com