Rusiyalı şoumen Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Doğruhaber” nəşri məlumat yayıb.
Bildirilib ki, buna onun İsrail ordusunun Qəzza zolağındakı əməliyyatlarını açıq şəkildə dəstəkləməsi ilə bağlı iddialar səbəb olub. Nəşrin yazdığına görə, Qalkinin 2024-cü il 8 iyun tarixində sosial şəbəkələrdə etdiyi paylaşım yerli fəalların diqqətini çəkib. Paylaşımda o, İsrail hərbçilərinin Qəzza zolağının Nüseyrat rayonunda həyata keçirdiyi və 4 girovu azad etdiyi əməliyyatı müsbət qiymətləndirib.
Nəşrin məlumatına əsasən, aktyor həlak olmuş İsrail hərbçisi Arnon Zmoranı qəhrəman adlandırıb və İsrailin hərəkətləri ilə fəxr etdiyini bildirib. Bundan əlavə, iddialara görə, Qalkin Qəzza zolağında ərzaq çatışmazlığı barədə xəbərləri, habelə HƏMAS-ın həlak olanların sayı ilə bağlı dərc etdiyi məlumatların doğruluğunu şübhə altına alıb.
Bununla əlaqədar olaraq, türkiyəli fəallar İstanbuldakı konsertə qarşı çıxıblar. Onlar artıq Türkiyənin Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə və bələdiyyə orqanlarına müraciət edərək çıxışın ləğv olunmasını tələb ediblər.

Mənbə: qafqazinfo.az