Yaxın Şərqdə gərginlik artır - Böyük müharibə riski nə qədər realdır?

Yaxın Şərqdə gərginlik artır -

“Yaxın Şərq regionunda vəziyyət həmişə mürəkkəb olub. Uzun illər ərzində bu bölgədə müxtəlif münaqişələr baş verib. Müəyyən fasilədən sonra isə müharibələr yenidən başlayırdı. Məsələ ondadır ki, Yaxın Şərqdə eyni etnik mənsubiyyətə malik xalqlar və millətlər arasında belə ziddiyyətli münasibətlər həmişə mövcud olub və gündəmdə qalıb. Bununla yanaşı, əsas maraqlar geosiyasi, ərazi və enerji amilləri ilə bağlıdır. Böyük dövlətlər də həmişə bu vəziyyətdən səmərəli şəkildə istifadə ediblər. Əvvəllər ABŞ və Qərblə yanaşı SSRİ, hazırda isə Rusiya və Avropa İttifaqı kimi güc mərkəzləri bölgədə öz maraqlarını həyata keçirməyə çalışırlar. Bu qüvvələrin maraqlarının toqquşması bir çox hallarda böyük dövlətlərin məqsədlərinə xidmət edir”.

Bu fikirlər siyasi şərhçi Fikrət Sadıxov deyib.

Qeyd edək ki, Yaxın Şərqdə davam edən gərginlik regionda yeni hərbi toqquşmaların baş verməsi ehtimalını artırır. ABŞ və İran arasında danışıqların gələcək nəticəsi, Hörmüz boğazında yaranan təhlükəsizlik problemləri və İsrailin atacağı mümkün addımlar bölgədəki vəziyyətin necə dəyişəcəyinə təsir edən əsas amillərdəndir. Bununla yanaşı, Yəməndəki qarşıdurmalar və Rusiyanın proseslərə mümkün müdaxiləsi məsələnin təkcə regional deyil, daha geniş geosiyasi rəqabətin tərkib hissəsi olduğunu göstərir.

Siyasi şərhçi bildirib ki, hazırda ABŞ və İran arasında genişmiqyaslı müharibə getmir, tərəflər arasında danışıqlar davam edir.

“Bu da müsbət haldır. Digər tərəfdən, İsrail də hələlik İrana zərbə endirmir. Çünki İsraildə yaxın vaxtlarda seçkilər keçiriləcək və Benyamin Netanyahunun siyasi taleyi hələ məlum deyil. Eyni zamanda, Hörmüz boğazı məsələsi də həllini tapmayan problemə çevrilib. Müxtəlif ritorikalar səsləndirilir, gurultulu bəyanatlar verilir, amma mövcud vəziyyət dəyişməz qalır. Bunun nəticəsində digər ölkələrdə də qiymətlər artır, benzin çatışmazlığı yaranır, müxtəlif iqtisadi və sosial problemlər gündəmə gəlir. Əminəm ki, bu məsələlərə birmənalı şəkildə son qoymaq çox çətindir. Proseslər davam edəcək və zəncirvari xarakter alaraq bir sıra digər ərəb ölkələrinə də yayıla bilər. Lakin bu proseslər ya səngiyəcək, ya da yenidən canlanacaq. Hesab edirəm ki, hazırda vəziyyət, xüsusilə ABŞ-İran münasibətləri baxımından, nisbətən sabitdir. İsrail, İran və husilər arasındakı qarşıdurmaya gəldikdə isə, Səudiyyə Ərəbistanı da husilərə qarşı müharibə aparıb. Lakin husilərlə bağlı təcrübə göstərdi ki, onları qısa müddətdə məğlub etmək və ya tamamilə məhv etmək mümkün deyil. Buna görə də hazırda müəyyən fasilənin yarandığını düşünürəm. Bu fasilənin nə qədər davam edəcəyini isə dəqiq söyləmək mümkün deyil. Çox güman ki, ABŞ Konqresinə seçkilərdən və İsraildə keçiriləcək seçkilərdən sonra bu məsələlər yenidən gündəmə gələcək və Yaxın Şərqdə gərginlik təkrar artacaq”.

Rəfiqə Namazəliyeva

image description

Mənbə: www.aznews.az