“Vəziyyətimizlə bağlı hər hansı dəyişiklik yoxdur. Hər an dron zərbəsinə məruz qalıb öldürülə bilərik. Rusiyadakı Azərbaycan konsulluğuna da müraciət etdik, ancaq bizə müsbət cavab verilmədi”.
Bunu Musavat.com-a açıqlamasında Türkiyənin “Adler Gəmiçilik” (“Adler Denizcilik”) şirkətinə məxsus “Consul” adlı yük gəmisinin azərbaycanlı kapitanı Səbuhi Salahov deyib.
Kapitan bildirib ki, həm Azərbaycan, həm də Türkiyə konsulluğuna müraciət etsələr də, təhlükəsizliklərinin təmin olunması üçün kömək ala bilməyiblər:
“Azərbaycan konsulluğundan bildirildi ki, dənizçilərin maaş məsələlərinə baxmırlar. Onlara dedim ki, biz pul istəmirik. Sadəcə, sahilə yan almağa kömək etsinlər və ya bizi ucuz hotelə yerləşdirsinlər ki, dron hücumu zamanı gizlənməyə yer tapaq. Gəminin içində gizlənməyə yerimiz yoxdur. Hər gün axşam saat 9-10 radələrində həyəcan siqnalı verilir və dron hücumları başlayır. Biz heç kimin vecinə deyilik. Həyat təhlükəsizliyimizin qorunması üçün təşəbbüs göstərsinlər. Bizə heç hotel də ayırmasınlar. Gəmini limana gətirsinlər ki, dron və raket zərbələri zamanı qaça bilək”.
Qeyd edək ki, Rusiyanın Rostov şəhərində, Don çayında Türkiyənin “Adler Gəmiçilik” şirkətinə məxsus, azərbaycanlı dənizçilərin olduğu “Consul” yük gəmisi dörd aydan çoxdur hərəkətsiz vəziyyətdə qalıb. Səbuhi Salahovun sözlərinə görə, Don çayında qalan gəmilərin hər birində 10-13 azərbaycanlı dənizçi var. “Consul” gəmisinin 12 nəfərlik heyətindən 11-i Azərbaycan vətəndaşıdır.
Kapitan bildirib ki, sözügedən gəmilər Türkiyə şirkətlərinə məxsusdur. Onlar Rusiyadan yük götürərək Türkiyəyə və ya digər istiqamətlərə daşınma həyata keçirməli olsalar da, Azov və Qara dənizdə dron hücumları təhlükəsi səbəbindən artıq dörd aya yaxındır hərəkət edə bilmirlər.
Salahov qeyd edib ki, əvvəlcə dənizdəki gəmilər hədəfə alınsa da, son günlər Don çayında dayanmış gəmilərə də hücumlar edilir. Bu isə heyət üzvlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır.
Kapitanın sözlərinə görə, bəzi gəmilərin heyət üzvləri maaşlarını ala bilmədiklərinə görə gəmiləri tərk edərək Azərbaycana qayıtmaqda da çətinlik çəkirlər.
Şahanə Rəhimli
Mənbə: musavat.com