ABŞ prezidenti Donald Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək hüququnun olduğunu bəyan edib.
Xarici mətbuata istinadən xəbər verilir ki, o 2020-ci il seçkilərində qələbədən "məhrum edildiyi" üçün üçüncü dəfə namizədliyini irəli sürmək "hüququna" malik olduğunu düşünür.
Trampın iddiasına görə, 2020-ci il seçkiləri saxtalaşdırılıb.
"Düşünürəm ki, yenidən namizəd olmaq hüququm var, çünki bizi aldatdılar. Onlar fırıldaq etdilər, seçkiləri oğurladılar", - deyə o, Respublikaçıların Ayova ştatında keçirilən mitinqində bildirib.
Tramp çıxış zamanı ABŞ Konstitusiyasına 22-ci düzəlişə işarə edərək deyib ki, qanun onun yenidən namizədliyini irəli sürməsini qadağan etmir:
“Qanun bunu nəzərdə tutur - 100% əmin deyiləm - amma inanıram ki, qanun mənim yenidən namizədliyimi irəli sürməyimi qadağan etmir. Mən bu qaydaya baxdım... Onlar fırıldaq etdilər. İnanıram ki, yenidən namizəd olmaq hüququm var, çünki onlar seçkiləri saxtalaşdırdılar”.
Tramp əvvəllər də dəfələrlə üçüncü müddətə namizədliyini irəli sürmək ehtimalına işarə edib. Sonuncu dəfə respublikaçıların təxminən 10 gün əvvəl keçirilən mitinqində də Trampın üçüncü dəfə namizədliyinin verilməsi tələbləri irəli sürülüb.
Trampın istinad etdiyi ABŞ Konstitusiyasının 1951-ci ildə qəbul edilən 22-ci düzəlişinə əsasən, eyni şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Tramp isə 2016 və 2024-cü ildə, yəni iki dəfə Prezident seçilib.
Bu fakt onu göstərir ki, hüquqi baxımdan Konstitusiya dəyişikliyi olmadan Trampın üçüncü dəfə namizəd olması mümkünsüzdür. İndiki halda isə Konstitusiyada sözügedən dəyişikliyə gedilməsi də real görünmür. Amerika cəmiyyəti çətin ki, Trampa görə, bu düzəlişin ləğvinə səs versin.
Amma bütün hallarda Trampın bu yöndə çabaları onu göstərir ki, o növbəti seçkilərə də qatılmaqda maraqlıdır. Bu əsasda da çalışır ki, növbəti namizədliyi qarşısında dayanan maneələri nəyin bahasına olursa-olsun yox etsin. Tərəfdarlarının keçirdikləri mitinqlərdə “Tramp 3-cü dəfə” şüarlarının səsləndirilməsi də məhz bu məqsədə xidmət edir. Bununla ictimaiyyəti prosesə hazırlamağı düşünürlər. Gözləniləndir ki, növbəti Prezident seçkiləri yaxınlaşdıqca, Tramp və tərəfdarları tərəfindən bu sayaq fəaliyyətlər daha da güclənsin.
Amma bütün hallarda Trampın belə Konstitusiyanın 22-ci düzəlişini “adlayıb keçməsi” ağlabatan deyil. Deməli, nə qədər çabasalar da, Trampın üçüncü namizədliyi baş tutmayacaq.
Rüfət Sultan
Mənbə: www.bakupost.az