Fransa Xocalı cəlladlarını "qəhrəman"a çevirir - 20 cinayətkara "fəxri vətəndaş"lıq - Video

Fransa Xocalı cəlladlarını "qəhrəman"a çevirir - 20 cinayətkara "fəxri vətəndaş"lıq -

Fransanın Nitsa şəhərinin rəhbərliyi Azərbaycanda həbsdə saxlanılan 20 erməniyə şəhərin fəxri vətəndaşı adının verilməsini təklif edib.

Bu barədə “Nouvelles d'Arménie” nəşri məlumat yayıb.

Nəşr yazır ki, bu simvolik addım Fransa şəhərinin hakimiyyət orqanlarının ermənilərə dəstəyini və həmrəyliyini nümayiş etdirir.

Nitsada keçirilən və Erik Siottinin iştirak etdiyi aksiyada meriya binasının darvazalarından Azərbaycanda həbsdə olan ermənilərin, o cümlədən Qarabağdakı keçmiş separatçı rejimin hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin portretləri asılıb.

Aksiyanın məqsədinin Bakıda saxlanılan 20 erməninin vəziyyətinə diqqət çəkmək olduğu bildirilib.

Tədbirdə Nitsadakı erməni icmasının nümayəndələri Qarabağ münaqişəsinin tarixindən danışıblar. Onlar Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini etnik təmizləmə kimi təqdim ediblər.

Bir daha xatırladaq ki, Azərbaycanda həbsdə saxlanılan keçmiş separatçı rejimin rəhbərləri və digər şəxslərin Azərbaycan xalqına qarşı ağır cinayətlər törətməkdə günahları məhkəmə hökmləri ilə sübuta yetirilib. Onların Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı cinayətlər, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır cinayətlər törətdikləri məhkəmə qaydasında müəyyən edilib və barələrində hökmlər çıxarılıb. Onlar Azərbaycan torpaqlarının işğalında və xalqımıza qarşı törədilmiş ağır cinayətlərdə iştiraklarına görə məhkum ediliblər. Xocalı soyqırımı ilə bağlı cinayət əməlləri də məhkəmədə sübuta yetirilən ittihamlar sırasındadır.

Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında saxlanılarkən, şəhər və kəndlərimiz dağıdılarkən, tarixi və mədəni abidələrimiz talan edilərkən bütün bunlara göz yuman Fransa indi Azərbaycan xalqına qarşı cinayətlərə görə məhkum olunmuş şəxslər üçün əsl «ağlaşma mərasimi» təşkil edir.

Fransanın köhnə erməni sevgisi hər zaman özünü büruzə verib. Bu dəfə isə həmin münasibət Azərbaycan xalqına qarşı ağır cinayətlər törətdiklərinə görə məhkum edilmiş şəxslərə fəxri vətəndaş adı verilməsi təşəbbüsü ilə nümayiş etdirilir.

Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımına və xalqımıza qarşı digər ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə fəxri vətəndaş adı vermək həmin cinayətləri müdafiə etmək deməkdir. Belə bir addım cinayətkarların əməllərinə haqq qazandırmaq və onların törətdikləri cinayətlərə şərik olmaqdır.

Mənbə: musavat.com