Bakı artıq başqa liqada oynayır: Azərbaycanın yeni geosiyasi hədəfi nədir?

Bakı artıq başqa liqada oynayır: Azərbaycanın yeni geosiyasi hədəfi nədir?

Azərbaycanın geosiyasi çəkisi artıq təkcə Cənubi Qafqazdakı mövqeyi ilə ölçülmür. Bakı regional güc balansına təsir göstərməklə yanaşı, Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı birləşdirən siyasi, iqtisadi və nəqliyyat əlaqələrində də mühüm rol oynayır. Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət, ölkənin tranzit imkanlarının genişlənməsi və böyük güc mərkəzləri ilə milli maraqlara əsaslanan münasibətləri Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir. Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşməsi, Avropa İttifaqının Bakı ilə əlaqələrə artan marağı və Ermənistanla sülh gündəliyi bu strategiyanın qarşıdakı dövr üçün əhəmiyyətini artırır.

Azərbaycan regional liderlikdən daha geniş geosiyasi təsir imkanlarına doğru irəliləyərək orta güc statusunu necə möhkəmləndirə bilər?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Prezident İlham Əliyevin son illərdə Cənubi Qafqazda həyata keçirdiyi siyasət təkcə regionda təhlükəsizliyin təmin olunmasına, iqtisadi və siyasi nizamın formalaşmasına deyil, həmçinin Xəzər hövzəsi və Mərkəzi Asiyanı əhatə edən daha geniş geosiyasi proseslərə təsir göstərir: "Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü platformasında G6 formatı çərçivəsində təmsil olunması ölkəmizin regional gücə, eyni zamanda orta gücə çevrilməsinin göstəricilərindən biridir. Bu gün Azərbaycan Şimal–Cənub nəqliyyat dəhlizinin, eləcə də Şərq–Qərb marşrutunun əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda geosiyasi rəqabət aparan böyük güclərin iqtisadi və nəqliyyat maraqlarının uzlaşdığı, əməkdaşlıq imkanlarının yarandığı mühüm platforma rolunu oynayır".

Politoloqun fikrincə, böyük güclərin Cənubi Qafqazda iqtisadi və nəqliyyat maraqlarının müəyyən istiqamətlərdə üst-üstə düşməsi onları əməkdaşlığa sövq edir: "Bu proses göstərir ki, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən məharətlə istifadə edərək regionda iqtisadi əməkdaşlığın genişlənməsinə və davamlı sülhün təmin olunmasına töhfə verən siyasət həyata keçirir. Mövcud tendensiyalar Azərbaycanın qarşıdakı illərdə regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından mövqelərini daha da möhkəmləndirə biləcəyini göstərir. Növbəti mərhələdə Ermənistanla Yekun sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişin əldə olunması da bu prosesin mühüm tərkib hissəsidir. Sülh sazişinin imzalanması üçün növbəti mərhələdə siyasi və hüquqi məsələlərin həlli vacib olaraq qalır".

M.Əsədullazadə qeyd etdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur: "Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı genişləndirməsi də ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat və regional bağlantılar baxımından əhəmiyyətini artırır. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müstəqil qərarvermə qabiliyyətidir. Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanın fərqli geosiyasi mövqeyi, xarici siyasət prioritetləri və geniş iqtisadi əlaqələri ona müxtəlif güc mərkəzləri ilə münasibətlərini milli maraqlar əsasında qurmaq imkanı verir. Bakı Moskvanın, Tehranın və ya digər paytaxtların siyasi gündəliyinə uyğun hərəkət etmək əvəzinə, öz strateji prioritetlərini müəyyənləşdirir. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbəni siyasi və diplomatik nəticələrə çevirməsi də ölkənin regional mövqelərinin güclənməsində mühüm rol oynayıb. Azərbaycanın artan siyasi nüfuzu, nəqliyyat-logistika imkanları və müstəqil xarici siyasəti onun orta güc statusunu möhkəmləndirən əsas amillərdir. Bu strategiya ölkəyə həm regional proseslərə təsir göstərmək, həm də böyük güclərlə münasibətlərdə öz milli maraqlarını qorumaq imkanı yaradır".

Cavanşir Abbaslı

Mənbə: musavat.com