İranla atəşkəs boşuna vaxt itkisi oldu - Tramp

İranla atəşkəs boşuna vaxt itkisi oldu - Tramp

ABŞ prezidenti Donald Tramp İranla müharibədə yayda elan olunan atəşkəsi boşuna vaxt itkisi adlandırıb.

Musavat.com xəbər verir ki, Tramp bu barədə Missisipi ştatında aralıq konqres seçkilərindən əvvəl Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb: “Biz qısamüddətli atəşkəsə razılaşdıq, mən bundan xüsusilə məmnun deyildim. Düşünürdüm ki, bu, vaxt itkisidir. Bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verdik. Biz xoş davranmaq istəyirik, amma mənim fikrimcə, bu, vaxt itkisidir".

O yenidən İranla müharibənin başlanmasından danışaraq iddia edib ki, ABŞ-ın başqa variantı olmayıb: "Bu, çoxdan edilməli idi və indi baş verənlər çox tezliklə bitəcək”.

Tramp iki ölkə arasında münaqişənin başlamasında İranın məsuliyyət daşıdığını iddia edib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı".

Trampın sözlərinə görə, hücum başlanmasaydı, Tehran cəmi 2 həftəyə nüvə raketi hazırlayacaqdı: "Düşünmürəm ki, başqa seçimimiz var idi. Onlar nüvə raketi hazırlamağa iki həftə qalmışdılar. Onlar dünyada terrorun bir nömrəli dövlət sponsoru hesab olunurlar”.

Mənbə: musavat.com