“Türkiyə ilə Azərbaycan arasında fikir ayrılıqları müvəqqəti, qardaşlıq isə əbədidir. Əsas məsələ fərqlilikləri deyil, ortaq tariximizi, milli maraqlarımızı və ortaq gələcəyimizi ön plana çıxarmaqdır".
Bu sözləri ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
Generalın fikrincə, Türkiyə ilə Azərbaycan arasında son həftələr baş verənlərə yalnız ayrı-ayrı şəxslərin açıqlamaları və onlara qarşı görülən tədbirlər prizmasından baxmaq düzgün olmaz:
"Bu proseslər göstərir ki, iki qardaş ölkə arasında müəyyən müddətdir yığılıb qalmış kommunikasiya problemləri, qarşılıqlı anlaşılmazlıqlar və bəzi hadisələrin fərqli qiymətləndirilməsindən qaynaqlanan həssas məsələlər mövcuddur. Lakin bu problemlərin mövcudluğu Türkiyə–Azərbaycan strateji müttəfiqliyinin zəifləməsi anlamına gəlmir. Əksinə, ortaya çıxan məsələlərin vaxtında müəyyənləşdirilməsi və həll edilməsi qardaşlıq münasibətlərinin daha sağlam təməllər üzərində inkişafına xidmət edə bilər".
Yücel Karauz Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifəsindən ayrılmasını, eləcə də Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilən şəxslərlə bağlı Türkiyədə hüquqi tədbirlərin gündəmə gəlməsini şərh edərək bildirib ki, əgər bu hadisələr rəsmi şəkildə təsdiqlənən hüquqi və inzibati proseslərin nəticəsidirsə, qarşılıqlı etimadın bərpası baxımından mühüm başlanğıc kimi qiymətləndirilə bilər: "Burada əsas prinsip aydındır: fikir və ifadə azadlığı demokratik cəmiyyətlərin fundamental dəyərlərindəndir. Lakin bu azadlıq başqa bir müstəqil dövlətin prezidentinə, konstitusion quruluşuna və dövlət institutlarına qarşı qanunla müəyyən edilmiş hədləri aşan təhqir, təhdid və ya digər hüquqazidd hərəkətlərə haqq qazandırmır. Belə hallarda hər iki ölkənin qanunvericiliyinə uyğun, sübuta əsaslanan və mütənasib tədbirlərin görülməsi vacibdir. Eyni zamanda, Türkiyə və Azərbaycanın bir-birinin suverenliyinə, müstəqilliyinə, siyasi iradəsinə və daxili işlərinə hörmət göstərməsi münasibətlərin dəyişməz prinsipi olmalıdır".
General hesab edir ki, son hadisələrdən sonra bütün problemlərin aradan qalxdığını söyləmək hələ tezdir: "Çünki məsələ yalnız ayrı-ayrı şəxslərdən və onların açıqlamalarından ibarət deyil. Əsas məsələ bu cür hadisələrin hansı şəraitdə meydana çıxması, necə genişləndirilməsi və hansı məqsədlər üçün istifadə edilməsidir. Xüsusilə Türkiyə və Azərbaycandakı sosial media platformalarında fəaliyyət göstərən bəzi qrupların, özlərini dini və milli dəyərlərin müdafiəçisi kimi təqdim edən şəxslərin və sosial şəbəkələrdə qarşıdurmanı qızışdıran dairələrin fəaliyyəti diqqətlə təhlil edilməlidir. Bu proseslərdə səmimi dini və milli hisslərlə çıxış edən insanlar da ola bilər. Lakin həmin hisslərin manipulyasiya və dezinformasiya vasitəsilə istismar edilməsi ehtimalı da ciddi qəbul olunmalıdır.
Yücel Karauz vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın münasibətlərində yaranan hər hansı etimadsızlıq yalnız bu iki dövlətə təsir göstərmir, nəticələri bütün Türk dünyasının siyasi, iqtisadi, hərbi və geostrateji inteqrasiya perspektivlərinə də təsir edə bilər: "Türk Dövlətləri Təşkilatının gücləndiyi, Orta Dəhlizin strateji əhəmiyyətinin artdığı, müdafiə sənayesi, enerji təhlükəsizliyi və nəqliyyat sahələrində əməkdaşlığın genişləndiyi bir dövrdə Türkiyə–Azərbaycan birliyinin zəifləməsi bir sıra regional və qlobal aktorların maraqlarına uyğun ola bilər. Bu baxımdan, “Dildə, fikirdə, işdə birlik” idealının həyata keçirilməsinə mane ola biləcək informasiya əməliyyatları, təxribatlar və qarşılıqlı etimadsızlıq yaradan təşəbbüslər yalnız bugünkü hadisələr çərçivəsində deyil, uzunmüddətli strateji təhlükəsizlik perspektivindən qiymətləndirilməlidir. Məhz buna görə Türkiyə və Azərbaycan arasında dövlət qurumları səviyyəsində daimi məsləhətləşmə, erkən xəbərdarlıq, informasiya mübadiləsi və dezinformasiyaya qarşı birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi zəruridir. Həssas məsələlər sosial media üzərindən deyil, ilk növbədə birbaşa dövlətlərarası dialoq vasitəsilə həll edilməlidir”.
General hesab edir ki, Türkiyə və Azərbaycan arasındakı son hadisələri münasibətlərin qırılma nöqtəsi kimi deyil, qarşılıqlı etimadın yenidən möhkəmləndirilməsi üçün ciddi xəbərdarlıq və fürsət kimi qiymətləndirmək lazımdır. Karaüz qeyd edib ki, Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə və bu iki dövlətin strateji birliyi olmadan güclü Türk dünyası təsəvvür etmək mümkün deyil.
Xalidə Gəray
Mənbə: musavat.com