“Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir”.
Azərbaycan Prezidenti oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı belə deyib.

Prezident qeyd edib ki, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırıb:
“Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var”.

Professor Qabil Hüseynli bildirib ki, Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurması və ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası imzalaması ölkənin xarici siyasətində mühüm mərhələdir:
“Bu sənədlərin əhəmiyyəti təkcə Bakı-Pekin və Bakı-Vaşinqton münasibətlərinin genişlənməsi ilə məhdudlaşmır. Onlar Azərbaycanın qlobal güc mərkəzləri ilə əlaqələrini şaxələndirmək, iqtisadi imkanlarını artırmaq, nəqliyyat və enerji qovşağı kimi mövqeyini möhkəmləndirmək, regional təhlükəsizlikdə rolunu gücləndirmək imkanlarını genişləndirir. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətini göstərir. İki supergüclə imzalanan sözügedən sənədlər Azərbaycanın müstəqil xarici siyasət kursunun möhkəmlənməsi və nəticələrindən biridir. Bu, həm də Azərbaycanın geosiyasi çəkisinin artdığının göstəricisidir. Azərbaycanın Çin və ABŞ ilə strateji tərəfdaşlığı ölkənin beynəlxalq münasibətlər sistemində əhəmiyyətini artıran amillərdəndir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq və ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası bu siyasətin mühüm elementləridir. Bu sənədlər Azərbaycan üçün nəqliyyat, enerji, texnologiya, investisiya və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq imkanları yaradır. Çinlə münasibətlər iqtisadiyyat, ticarət, infrastruktur və Asiya bazarlarına çıxış baxımından imkanlar yaradır. ABŞ ilə tərəfdaşlıq isə investisiyalar, qabaqcıl texnologiyalar, enerji, regional bağlantılar və təhlükəsizlik əməkdaşlığı üçün əlavə imkanlar açır. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasında müdafiə və təhlükəsizlik əməkdaşlığının, terrorizmlə mübarizənin, kibertəhlükəsizliyin və kritik infrastrukturun qorunmasının genişləndirilməsi nəzərdə tutulur. Bu sənədlər Azərbaycanın regional təhlükəsizlik məsələlərində diplomatik mövqeyini gücləndirir. Azərbaycan regional dövlətdən daha genişmiqyaslı tərəfdaşa çevrilir”.
Etibar Seyidağa
Mənbə: musavat.com