Qarşıdurma kritik həddə – Netanyahu "saxtakarlıq var" deyir, TikTok-da təcili çağırış edir

Qarşıdurma kritik həddə – Netanyahu "saxtakarlıq var" deyir, TikTok-da təcili çağırış edir

İsraildə bu gün, oktyabrın 27-də keçirilən parlament seçkiləri yüksək seçici fəallığı, qarşılıqlı ittihamlar və səsvermə prosesinə müdaxilə ilə bağlı şikayətlərlə müşayiət olunur.

Musavat.com xəbər verir ki, Baş nazir Benyamin Netanyahu seçkilərin saxtalaşdırılmasına cəhd göstərildiyini bəyan edib. Onun əsas siyasi rəqibləri də seçki məntəqələrində ciddi pozuntular olduğunu bildirərək Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

Reuters və AP-nin məlumatına görə, seçkilərdə fəallıq əvvəlki illərlə müqayisədə rekord göstəricilərə çatıb. Yerli vaxtla saat 14:00-a olan rəsmi məlumata əsasən, seçicilərin 44,9 faizi səs verib. Bu, həmin saat üçün son onilliklərin ən yüksək göstəricisidir.

Netanyahu: Seçkiləri əlimizdən almağa çalışırlar

Netanyahu ərəb icmalarında seçici fəallığının artmasından narahatlığını ifadə edərək tərəfdarlarını kütləvi şəkildə səsverməyə çağırıb.

Baş nazirin sözlərinə görə, rəqibləri seçkiləri onun rəhbərlik etdiyi siyasi düşərgənin əlindən almağa çalışırlar.

Hakim Likud Partiyasının təmsilçisi, nəqliyyat naziri Miri Regev də oxşar bəyanatla çıxış edib. O, naməlum qüvvələrin seçkiləri oğurlamağa çalışdığını bildirib.

Lakin İsrail Mərkəzi Seçki Komissiyası sistemli saxtakarlıq və ya seçki bülletenlərinə mütəşəkkil müdaxilə barədə sübut aşkar edilmədiyini açıqlayıb.

Netanyahunun əsas rəqibi seçki komissiyasına şikayət etdi

Baş nazirin əsas rəqiblərindən biri, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi Yaşar Partiyası seçki prosesinə müdaxilə edildiyini bildirib.

Partiyanın məlumatına görə, bəzi məntəqələrdə onun seçki bülletenləri yoxa çıxıb, zədələnib və ya seçicilərin onları görməsinə mane olacaq şəkildə yerləşdirilib.

Ayzenkotun partiyası bunun təsadüfi hadisələr deyil, məqsədyönlü müdaxilə ola biləcəyini bildirərək seçki komissiyasından təcili tədbirlər tələb edib.

Son məlumat: Seçici fəallığı 55,7 faizə yüksəldi

İsrail Mərkəzi Seçki Komissiyasının saat 16:00-a olan məlumatına əsasən, artıq 4 milyondan çox vətəndaş səs verib. Seçici fəallığı 55,7 faizə çatıb. 2022-ci ilin seçkilərində eyni saatda bu göstərici 47,5 faiz olmuşdu.

Likuddan gözlənilməz tələb – səsvermə müddəti uzadılsın

Netanyahunun Likud Partiyası seçki məntəqələrinin saat 22:00-dan sonra da açıq saxlanılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

ŞAS və İtamar Ben-Qvirin rəhbərlik etdiyi Otzma Yehudit partiyaları da bu tələbə qoşulublar.

Ayzenkotun partiyası isə buna qarşı çıxıb. Müxalifət hesab edir ki, hakim partiyanın bu addımı sonradan seçkilərin nəticələrini mübahisələndirmək üçün zəmin yaratmağa xidmət edə bilər.

Seçki komissiyası bildirib ki, saat 22:00-dək növbəyə dayanan vətəndaşların səs verməsi təmin olunacaq.

620 şübhəli hadisə barədə məlumat

The Jerusalem Post qəzetinin saat 17:54-də yaydığı məlumata görə, Likud Partiyası ərəb icmalarındakı seçki məntəqələrində 620 şübhəli pozuntu barədə məlumat aldığını açıqlayıb.

Partiyanın bildirdiyinə görə, bu məlumatların təxminən üçdə biri seçicilərin şəxsi məlumatlarının qeydə alınması və məntəqələrdən kənara ötürülməsi ilə bağlıdır.

Üç nəfər saxlanıldı – ərəb partiyası ittihamları rədd edir

İsrail polisi ölkənin cənubundakı bədəvi yaşayış məntəqələrində üç nəfəri seçicilərə rüşvət vermək şübhəsi ilə saxlayıb.

Polisin məlumatına görə, axtarışlar zamanı içərisində on minlərlə şekel olan zərflər aşkarlanıb. Saxlanılan şəxslərin ərəb Raam Partiyasına səs verilməsi müqabilində pul təklif etməkdə şübhəli bilindikləri açıqlanıb.

Raam Partiyasının rəhbəri Mənsur Abbas isə ittihamları rədd edərək həbslərin seçicilərin fəallığını azaltmaq məqsədi daşıdığını bildirib.

Abbas Netanyahunu yalan məlumat yaymaqda və ərəb seçicilərə qarşı təhrikçilik etməkdə günahlandırıb.

Müxalifət nümayəndəsinə bıçaqlı hücum cəhdi barədə məlumat

Seçki günü daha bir hadisə Tel-Əvivdə qeydə alınıb. Müxalif siyasətçi Yair Qolana bıçaqla yaxınlaşmaqda şübhəli bilinən şəxsin saxlanıldığı barədə məlumat yayılıb.

Hadisə ilə bağlı məlumat Qolanın siyasi düşərgəsi tərəfindən açıqlanıb.

Seçkilərin nəticələri nə vaxt məlum olacaq?

İsraildə səsvermənin yerli vaxtla saat 22:00-da başa çatması nəzərdə tutulur. Həmin vaxt KAN 11, 12-ci və 13-cü kanalların ilkin exit-poll nəticələrini açıqlaması gözlənilir.

120 yerlik Knessetdə hökumət formalaşdırmaq üçün ən azı 61 deputatın dəstəyi lazımdır.

Netanyahu TikTok-da canlı yayıma çıxıb

İsrailin Baş naziri Benyamin Netanyahunun TikTok-da canlı yayım açaraq seçicilərə təcili müraciət edib.

Netanyahu tərəfdarlarını evdə qalmamağa, ailələri ilə birlikdə seçki məntəqələrinə getməyə çağırıb:

“Evdə qalmayın, səs verməyə qatılın. Evinizdən indi çıxın, ailənizlə hamınız birlikdə səs verin. Fələstinə qələbəyə imkan vermək olmaz. İranı sevindirmək olmaz. Seçkilərə qatılın”.

Mənbə: musavat.com