Rusiyada böyük korrupsiya qalmaqalı – Medvedevin adı milyonluq əmlak uğrunda mübarizədə hallanır

Rusiyada böyük korrupsiya qalmaqalı – Medvedevin adı milyonluq əmlak uğrunda mübarizədə hallanır

Rusiyada Ümumrusiya Korlar Cəmiyyətinin rəhbərliyi ətrafında genişmiqyaslı korrupsiya qalmaqalı qopub.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, təşkilatın prezidenti Vladimir Sipkinin cinayət işlərindən yayınmaq üçün yüksəkvəzifəli himayədar axtardığı, hətta Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin dəstəyini əldə etməyə çalışdığı iddia olunur.

Nəşrlərin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “K” İdarəsinin əməkdaşları Ümumrusiya Korlar Cəmiyyətinin prezidenti Vladimir Sipkinlə bağlı səs yazılarını araşdırırlar.

İddia olunur ki, həmin yazılarda təşkilatın idarə heyətinin üzvlərinin və qarşıdan gələn qurultayın nümayəndələrinin Sipkinin qanunsuz fəaliyyətindən xəbərdar olduqlarını göstərən məlumatlar var.

Bununla belə, araşdırma müəllifləri idarə heyəti üzvlərinin cinayətlərdə birbaşa iştirakından daha çox, rəhbərlik tərəfindən qorxudulması ehtimalını önə çəkirlər.

Məlumata görə, Sipkin yaxın ətrafı ilə söhbətlərində ona tabe olmayan şəxslərə təzyiq göstərmək niyyətindən açıq danışır. Hətta bu məqsədlə pul müqabilində fəaliyyət göstərən reyder qruplarının cəlb edilməsi imkanlarını müzakirə edir.

Araşdırmanın ən diqqətçəkən məqamı isə Dmitri Medvedevin adının hallanmasıdır.

Nəşrlərin iddiasına əsasən, Sipkin özü, oğlu və qardaşı ilə bağlı cinayət işlərinin istintaqına təsir göstərmək üçün müxtəlif korrupsiya əlaqələri axtarıb.

Səs yazılarından birində o, “Dmitri Anatolyeviç” adlı şəxsin himayəsini əldə etmək imkanını müzakirə edir.

Araşdırma müəllifləri söhbətin məzmununa əsaslanaraq həmin şəxsin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, hakim “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev olduğunu iddia edirlər.

Araşdırmada Vladimir Sipkinin oğlu Aleksandr Sipkinlə bağlı cinayət işinin də təfərrüatları açıqlanıb.

Məlumata görə, Aleksandr Sipkin Kazan hava limanında rüşvət verərkən cinayət başında yaxalanıb və bu ilin avqustunda məhkum edilib.

Nəşrlərin əldə etdiklərini bildirdikləri səs yazılarında Vladimir Sipkin həmin hadisə ilə öz əlaqəsini də gizlətmir.

Onun sözlərinə görə, hava limanında vaxtında biznes-sinif sərnişinləri üçün ayrılmış zonaya keçməsi təsadüfən həbsdən yayınmasına imkan verib.

Bəs bu mübarizənin arxasında nə dayanır?

Araşdırmada Ümumrusiya Korlar Cəmiyyətinin nəzarətində olan böyük əmlak kompleksinə xüsusi diqqət yetirilir.

Məlumata görə, təşkilatın mülkiyyətində 168 müəssisə, 4 reabilitasiya mərkəzi, 7 idman-reabilitasiya mərkəzi, 3 sanatoriya, 2 nəşriyyat və Rusiya ərazisində 100-dən çox mədəniyyət evi və digər qiymətli daşınmaz əmlak obyekti var.

Nəşrlər hesab edirlər ki, məhz bu böyük iqtisadi resurslar təşkilatın rəhbərliyi uğrunda mübarizəni xüsusilə kəskinləşdirir.

Mənbə: musavat.com