Tehran inqilab məhkəməsi Azərbaycan əsilli tanınmış iranlı rejissor Cəfər Pənahi barəsində əmlakı müsadirə edilməklə 5 il 1 ay müddətinə qiyabi həbs qərarı çıxarıb.
“Qafqazinfo” “Emtedad” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı rejissorun vəkili Mustafa Neyli açıqlayıb.
Onun sözlərinə görə, Pənahinin həmçinin 2 il müddətinə ölkədən çıxışına və sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulub. Bundan başqa, rejissorun bank hesabları dondurulub.
Kinorejissora qarşı irəli sürülən ittihamların nədən ibarət olduğu isə açıqlanmayıb.
Məhkəmə qərarında Pənahinin hazırda İranda yaşamadığı da qeyd olunub.
Tehran məhkəməsi 2025-ci ilin dekabrında Cəfər Pənahi barəsində 1 il müddətinə qiyabi həbs qərarı çıxarmışdı.
Xatırladaq ki, 2025-ci ildə C.Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb. Film həmçinin “Ən yaxşı xarici film” və “Ən yaxşı orijinal ssenari” kateqoriyalarında “Oskar” mükafatına namizəd olub.
Mənbə: qafqazinfo.az