“Məmurlar Ramiz Mehdiyevin bu vəziyyətindən ibrət dərsi götürməlidirlər”

“Məmurlar Ramiz Mehdiyevin bu vəziyyətindən ibrət dərsi götürməlidirlər”

“Ramiz Mehdiyevin bugünkü məsələsi dövlət əmlakını oğurlayan və vəzifəsindən sui-istifadə edən, yəni korrupsiyaya qurşanan bütün məmurlar üçün ibrət dərsi olmalıdır. Bundan nəticə çıxarılmalıdır ki, siz vəzifəyə şəxsinizi, qohum-əqrəbanızı varlandırmaq üçün təyin olunmursunuz. Siz vəzifəyə ona görə təyin edilirsiniz ki, bu xalqa, bu dövlətə xidmət edəsiniz. Bu, hər kəs üçün ciddi örnək olmalıdır”.

Bunu Musavat.com-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, Ramiz Mehdiyev uzun illər dövlət idarəçiliyində təmsil olunsa da, tutduğu vəzifədən sui-istifadə edib:

“Ramiz Mehdiyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri olub, yəni bu sahədə də fəaliyyət göstərirdi. Amma indi elə şeylər ortaya çıxır ki, baxırsan, dəhşətə gəlirsən”.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Onun barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Ənvər oğlu Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, mövcud xəstəlikləri, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsinə qərar verilib.

Həmçinin hökmə əsasən, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimat göndərilməsi qərara alınıb. Bundan başqa, onun əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.

Şahanə Rəhimli

Mənbə: musavat.com