İran Prezidenti Məsud Pezeşkianın ana dilində danışması, Azərbaycan dilində şeirlər səsləndirməsi və bunun İranda yaşayan on milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanının gec-tez yaranacağına inamı artırır.
Məsud Pezeşkianın Azərbaycan dilində danışması, ana dilində şeirlər söyləməsi və Azərbaycan mədəniyyətinə bağlılığını nümayiş etdirməsi İranda yaşayan azərbaycanlılar arasında mühüm mənəvi mesaj kimi qəbul olunur. Lakin əsas sual dəyişməz olaraq qalır: bu simvolik addımlar milyonlarla azərbaycanlının öz ana dilində təhsil almasına real imkan yaradacaqmı?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, İran prezidenti Məsud Pezeşkianın ana dilində danışması və Azərbaycan poeziyasının nümunələrinə müraciət etməsi təkcə şəxsi kimliyinin ifadəsi deyil, bu davranış, eyni zamanda, İran cəmiyyətində dil, milli-mədəni kimlik və vətəndaşların hüquqları ilə bağlı uzun illərdir müzakirə olunan məsələləri yenidən gündəmə gətirir.
Məsud Pezeşkianın Azərbaycan dilindən istifadə etməsi ilk növbədə simvolik baxımdan əhəmiyyətlidir. Bu, ana dilinin yalnız ailədə və məişətdə işlədilən vasitə olmadığını, ictimai və siyasi həyatın da bir hissəsi ola biləcəyini nümayiş etdirir.
Pezeşkianın Azərbaycan dilində danışması, şeirlər söyləməsi və Azərbaycan mədəni irsinə münasibəti cəmiyyətdə belə bir sual yaradır: əgər ölkə prezidenti bu dildə sərbəst danışırsa və onu öz kimliyinin mühüm hissəsi hesab edirsə, onda həmin dildə təhsil almaq imkanlarının genişləndirilməsi niyə daha ciddi dövlət siyasətinə çevrilməsin?
Bu sualın aktuallığı təsadüfi deyil. İranda azərbaycanlıların sayı ölkə əhalisinin az qala yarısını təşkil edir. Onların ana dilinin qorunması, gələcək nəsillərə ötürülməsi və təhsil sistemində yer alması yalnız mədəni məsələ deyil, həm də sosial və hüquqi əhəmiyyət daşıyan mövzudur”.
Hüquq müdafiəçisi qeyd edib ki, Pezeşkianın Azərbaycan dilində danışması müsbət ictimai atmosfer yarada bilər, amma bu atmosferin hüquqi və institusional dəyişikliklərə çevrilməsi üçün konkret qərarlar lazımdır: “Məsələnin hüquqi tərəfi xüsusi diqqət tələb edir. İran İslam Respublikasının Konstitusiyasının 15-ci maddəsində fars dili və əlifbası ölkənin rəsmi və ortaq dili kimi müəyyən edilir. Azərbaycan dilinin məktəblərdə ədəbiyyat fənni kimi tədrisi mümkün olsa da, bütün təhsil prosesinin Azərbaycan dilində təşkil olunması daha geniş hüquqi və inzibati mexanizmlər tələb edir.
Məsələn, Azərbaycan dilində dərsliklərin hazırlanması, müəllimlərin yetişdirilməsi, tədris proqramlarının təsdiqlənməsi, terminologiyanın formalaşdırılması və məktəblərdə bu tədrisin davamlı şəkildə həyata keçirilməsi lazımdır. Azərbaycan dilində təhsilin genişləndirilməsi fars dilinin əhəmiyyətinin inkarı kimi təqdim edilməməlidir. Söhbət bir dili digərinin əvəzinə qoymaqdan deyil, ana dilinin qorunması ilə ölkənin ortaq dilinə yiyələnmək arasında balans yaratmaqdan gedir.
Məsud Pezeşkianın Azərbaycan dilinə münasibəti onun prezidentliyi dövründə bu məsələnin daha geniş müzakirəsinə imkan yarada bilər. Dövlət başçısının şəxsi nümunəsi bəzən cəmiyyətdə uzun müddət diqqətdən kənarda qalan mövzuların gündəmə gəlməsinə şərait yaradır. Prezidentin Azərbaycan dilində danışması da ana dilində təhsil məsələsinin daha açıq müzakirəsinə müsbət təsir göstərə bilər”.
Etibar Seyidağa
Mənbə: musavat.com