ABŞ-nin məxfiliyi ləğv etdiyi CIA hesabatları Soyuq müharibə illərində Türkiyə ilə bağlı aparılan gizli hesablamaları üzə çıxarıb. Amerika kəşfiyyatının qiymətləndirməsinə görə, Türkiyə ordusu Yunanıstanla mümkün müharibə zamanı 7-10 gün ərzində ehtiyat hissələri çatışmazlığı ilə üzləşə bilərdi. Sənədlərdə Ankaranın Sovet İttifaqından silah alma ehtimalı və o zamankı Baş nazir Bülent Ecevitin Amerika casus təyyarələrinin uçuşları ilə bağlı irəli sürdüyü şərtlər də yer alır...
ABŞ-nin məxfiliyi ləğv etdiyi kəşfiyyat hesabatları və diplomatik yazışmalar Soyuq müharibə dövründə Türkiyə ilə Vaşinqton arasında yaşanan hərbi və siyasi fikir ayrılıqlarının təfərrüatlarını ortaya qoyur. Kipr Sülh Əməliyyatından sonra tətbiq edilən Amerika silah embarqosu Türkiyə ordusunun ehtiyat hissələrinə və hərbi texnikaya ehtiyacını artırıb, Ankaranı başqa ölkələrdən silah almağa yönəldib.
CIA hesabatlarında Türkiyənin müdafiə imkanları, iqtisadi problemləri, Sovet İttifaqı ilə münasibətləri və NATO-dakı mövqeyi təhlil olunur. Sənədlərdə Türkiyədəki Amerika hərbi bazalarının gələcəyi və Sovet İttifaqına qarşı kəşfiyyat uçuşları ilə bağlı Ankara-Vaşinqton arasında yaranan fikir ayrılıqları da diqqət çəkir.
19 sentyabr 1979-cu il tarixli, 6939 nömrəli məxfi teleqramda Amerika kəşfiyyat uçuşlarının Milli Təhlükəsizlik Şurasında müzakirə edildiyi bildirilir. ABŞ-ın Ankaradakı səfiri Ronald Spiersin Vaşinqtona göndərdiyi teleqrama əsasən, Baş nazir Bülent Ecevit Sovet İttifaqının etiraz edəcəyi təqdirdə Türkiyənin Amerikanın U-2 kəşfiyyat uçuşlarına icazə verməyəcəyini bəyan edib.
Vaşinqtonun Ankara hesablamaları
CIA hesabatları və diplomatik yazışmalar 1975-1979-cu illərdə Türkiyə ilə ABŞ arasında yaşanan mübahisələrin hərbi yardımlarla məhdudlaşmadığını göstərir. Silah embarqosuna görə müxtəlif ölkələrdən hərbi texnika axtaran Ankaranın Sovet İttifaqı ilə münasibətləri də Amerika kəşfiyyatının diqqət mərkəzində olub.
1979-cu ildə iki ölkə arasında yeni fikir ayrılığı yaranıb. Vaşinqton Sovet İttifaqı ilə imzalanmış SALT II müqaviləsinə nəzarət etmək üçün Türkiyə ərazisindən kəşfiyyat uçuşları həyata keçirmək istəyib. Ankara isə Moskvanın mümkün reaksiyasını əsas gətirərək Amerikanın tələblərinə müəyyən şərtlər qoyub.
10 günlük hesablama

21 fevral 1975-ci il tarixli, DCI/NIO 386–75 nömrəli CIA hesabatında Türkiyənin hərbi texnikasının 90 faizdən çoxunun Amerika mənşəli olduğu, aviasiya vasitələrində isə bu göstəricinin təxminən 85 faizə çatdığı qeyd edilir.
Hesabata görə, ABŞ 1950-ci ildən etibarən Türkiyəyə 3 milyard dollardan artıq hərbi texnika verib. Ən diqqətçəkən qiymətləndirmə isə Türkiyə-Yunanıstan arasında mümkün müharibə ilə bağlıdır. CIA yüksək rütbəli türk zabitlərinin fikirlərinə əsaslanaraq, belə bir münaqişə zamanı ehtiyat hissələri anbarlarının 7-10 gün ərzində tükənə biləcəyini bildirib.
Təyyarələr təhlükə altında
CIA-nın eyni hesabatında embarqodan ən çox zərər görəcək qoşun növünün Türkiyə Hərbi Hava Qüvvələri olduğu vurğulanır. Amerika ehtiyat hissələrinin başqa mənbələrdən əldə edilə bilməməsi halında təxminən üç ay ərzində ciddi texniki xidmət və döyüş hazırlığı problemlərinin yarana biləcəyi bildirilir.
Türkiyənin aldığı 40 ədəd F-4E qırıcı təyyarəsindən yalnız 16-sının təhvil verildiyi, təxminən 800 tankın modernləşdirilməsi planının da təhlükə altında olduğu qeyd edilir.
Hesabatda Türkiyənin NATO-nun ikinci ən böyük quru ordusuna malik olmasına baxmayaraq, müdafiə sistemlərinin davamlılığı baxımından Vaşinqtondan ciddi şəkildə asılı olduğu vurğulanır.
Moskva variantı nə idi?
Açıq istifadəyə verilən hesabatlar Amerika silah embarqosundan sonra Türkiyənin müxtəlif ölkələrdən hərbi texnika almaq üçün təşəbbüslər göstərdiyini ortaya qoyur.
CIA-nın 1975-ci il hesabatında Qərbi Almaniya, İtaliya, İran və Liviya ilə yanaşı, Sovet İttifaqı da mümkün silah tədarükçüləri arasında göstərilir.
Amerika kəşfiyyatının qənaətinə görə, Ankara həmin dövrdə Moskvadan silah almağı ciddi seçim kimi nəzərdən keçirməsə də, bu ehtimaldan Qərb müttəfiqlərinə qarşı diplomatik təzyiq vasitəsi kimi istifadə edə bilərdi.
Liviyadan hərbi dəstək
CIA-nın 1975-ci il hesabatında Liviyanın Kipr Sülh Əməliyyatı zamanı Türkiyəyə ehtiyat hissələri və hərbi ləvazimatlar vermiş ola biləcəyi bildirilir.
Amerika kəşfiyyatının məlumatına əsasən, Liviya Türkiyənin İtaliyadan aldığı F-104 qırıcı təyyarələrinin maliyyələşdirilməsinə də töhfə verib.
Hesabatda iki ölkə arasında hərbi texnika istehsalı sahəsində əməkdaşlıq razılaşmasından bəhs olunur. Həmçinin Liviyanın arsenalında olan təyyarə və tankların Türkiyəyə verilməsi ehtimalı da qiymətləndirilir.
NATO-dan ayrılmaq müzakirələri
ABŞ-ın Ankaradakı səfiri Ronald Spiersin 13 aprel 1979-cu ildə Vaşinqtona göndərdiyi 2911 nömrəli məxfi teleqramda Türkiyənin NATO-dakı mövqeyi və hərbi ehtiyacları müzakirə edilir.
Teleqrama görə, Türkiyə Silahlı Qüvvələrinin beşillik modernləşdirmə proqramının ilkin dəyəri 10-15 milyard dollar hesablanıb. Sonrakı qiymətləndirmələrdə isə bu məbləğ 3-4 milyard dollara endirilib.
Spiers Türkiyədə NATO-dan çıxmağı müdafiə edən çevrələrin olduğunu bildirir. O, Baş nazir Bülent Ecevitin isə ittifaq üzvlüyünü qorumaqla yanaşı, Amerikanın hərbi mövcudluğunu məhdudlaşdıran Norveç və Fransa modellərini nəzərdən keçirdiyini qeyd edir.
Əlçatan edilən sənədlər Türkiyəyə dair planlara işıq salır.
Ecevitdən Karterə məktub
Baş nazir Bülent Ecevitin 21 aprel 1979-cu ildə ABŞ Prezidenti Cimmi Karterə göndərdiyi məktubda Amerika kəşfiyyat uçuşları məsələsi də gündəmə gətirilir.
Ecevit Türkiyənin ABŞ və Sovet İttifaqı arasında nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan SALT II müqaviləsinin yoxlanılmasına töhfə verə biləcəyini bildirir.
Lakin o, Amerika kəşfiyyat təyyarələrinin Türkiyə üzərindən həyata keçirəcəyi uçuşların Sovet İttifaqı ilə münasibətləri təhlükəyə atmamalı olduğunu da xüsusi vurğulayır.
Mənbə: musavat.com