Polşada məhkəmə böhranı: Prezident təcili geri qayıtdı - DETALLAR

Polşada məhkəmə böhranı: Prezident təcili geri qayıtdı - DETALLAR

Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranmış vəziyyət siyasi gərginliyə səbəb olub.

“Reuters”ə istinadən xəbər verilir ki, buna Konstitusiya Tribunalının hakimi Anna Korvin-Piotrovskanın (Anna Korwin-Piotrowska) tribunalın sədri Boqdan Şvençkovskinin (Bogdan Święczkowski) səlahiyyətlərini dayandırması və qurumun idarəçiliyini öz üzərinə götürməsi səbəb olub.

Şvençkovski əvvəlki “Hüquq və Ədalət” (PiS) hakimiyyəti dövründə vəzifəyə gətirilib. O, hazırkı parlament çoxluğunun seçdiyi hakimlərin tribunalda fəaliyyət göstərməsinə qarşı çıxırdı.

Son qərar Baş nazir Donald Tusk hökuməti ilə prezident və müxalif “Hüquq və Ədalət” düşərgəsi arasında uzun müddətdir davam edən məhkəmə sistemi ilə bağlı qarşıdurmanı daha da kəskinləşdirib.

Hadisədən sonra yüzlərlə insan Varşavada Konstitusiya Tribunalının binası qarşısına toplaşıb. Sağçı siyasətçilər baş verənləri “dövlət çevrilişi” kimi qiymətləndirərək Tusk hökumətini ittiham ediblər.

Baş nazir Donald Tusk isə hökumətin məhkəmə sistemində həyata keçirdiyi dəyişikliklərin qanunun aliliyinin bərpası üçün zəruri olduğunu bildirib.

Gərginlik fonunda Prezident Karol Navrotski Seneqala uçuşunu yarımçıq dayandıraraq ölkəyə qayıtmaq qərarı verib.

Polşa Prezidentinin Administrasiyası da dövlət başçısının Konstitusiya Tribunalında baş verən hadisələrlə əlaqədar səfərini dayandırdığını rəsmən təsdiqləyib.

“Belə bir məqamda prezident Polşada olmalıdır. Seneqala uçuşumu dayandırıram. Geri qayıdıram”, – Navrotski sosial şəbəkədə bildirib.

Prezident oktyabrın 31-də yaydığı bəyanatda isə hadisələri daha sərt ifadələrlə qiymətləndirib. Navrotskinin sözlərinə görə, gecə saatlarında Polşanın konstitusiya quruluşu pozulub və dövlətin konstitusion orqanı “güc yolu ilə ələ keçirilib”.

O, hökumət tərəfindən tribunal ərazisinə göndərilən qüvvələrin oranı tərk etməsini tələb edib. Navrotski, həmçinin ölkədə yaranmış vəziyyətlə bağlı parlamentdə təmsil olunan siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə təcili məsləhətləşmələr çağırıb.

Polşada məhkəmə sistemi ətrafındakı böhran 2015-ci ildən davam edir. “Hüquq və Ədalət” partiyasının hakimiyyəti dövründə Konstitusiya Tribunalında həyata keçirilən dəyişikliklər Avropa İttifaqı ilə Polşa arasında da ciddi fikir ayrılıqlarına səbəb olmuşdu.

2023-cü ildə hakimiyyətə gələn Donald Tusk koalisiyası əvvəlki hökumət dövründə məhkəmə sistemində edilmiş dəyişiklikləri aradan qaldırmağa və qanunun aliliyini bərpa etməyə çalışdığını bildirir. Prezident Navrotski və müxalif “Hüquq və Ədalət” partiyası isə hökumətin bunun üçün istifadə etdiyi üsulların qanunsuz və Konstitusiyaya zidd olduğunu iddia edir.

Mənbə: olke.az