Kreml “qara kassa”sına nəzarəti gücləndirir – ABŞ-la gizli danışıqlar fonunda mühüm təyinat

Kreml “qara kassa”sına nəzarəti gücləndirir – ABŞ-la gizli danışıqlar fonunda mühüm təyinat

Kreml Rusiyanın «qara kassası» adlandırılan investisiya fondunun rəhbərliyində mühüm dəyişiklik edib. Qərar Vaşinqtonla fonda qarşı sanksiyaların ləğvi barədə danışıqların aparıldığı bir vaxta təsadüf edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) Müşahidə Şurasının sədri təyin edilib. Müvafiq fərman Kremldə imzalanıb.

Müşahidə Şurasının yeni tərkibinə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, baş nazirin müavini Aleksandr Novak, Prezident Administrasiyasının rəhbər müavini Maksim Oreşkin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov və maliyyə naziri Anton Siluanov da daxil edilib.

Bundan əvvəl şuraya 2026-cı ilin iyununda vəfat etdiyi bildirilən Sergey İvanov rəhbərlik edirdi.

“Kremlin qara kassası” və Tramp administrasiyası

Fonda hazırda Rusiya ilə ABŞ arasında aparılan danışıqlarda iştirak edən Kirill Dmitriyev rəhbərlik edir.

Xatırladaq ki, 2022-ci ilin fevralında Co Bayden administrasiyası RBİF-ə qarşı sanksiyalar tətbiq etmişdi. Həmin vaxt ABŞ Maliyyə Nazirliyi fondu Rusiya rəhbərliyinin maliyyə resurslarından biri kimi xarakterizə etmiş, onu faktiki olaraq «Putinin qara kassası» adlandırmışdı.

İndi isə Donald Tramp administrasiyasının həmin məhdudiyyətlərin aradan qaldırılması imkanlarını nəzərdən keçirdiyi bildirilir.

«The New York Times» nəşrinin məlumatına görə, Moskva sanksiyaların ləğvinə nail olmaq istəyir ki, RBİF Rusiyadan ABŞ-yə dizel yanacağının tədarükündə iştirak edə bilsin.

Beləliklə, fondun Müşahidə Şurasına Prezident Administrasiyasının rəhbərinin gətirilməsi Moskvanın ABŞ-la iqtisadi danışıqlara xüsusi əhəmiyyət verdiyi bir dövrdə baş verir.

Mənbə: musavat.com