Ermənistanın cənubunda böyük toqquşma ola bilər – Hovsepyandan HƏYƏCAN

Ermənistanın cənubunda böyük toqquşma ola bilər –

“İranın siyasi qərarların qəbul edilməsi sistemində mühüm mövqeyə malik olan Əli Əkbər Vilayəti ölkənin strateji yanaşmalarını ifadə edən nüfuzlu fiqurlardan biridir. Buna görə də onun bəyanatları ciddi qəbul edilməlidir”.

Bunu Ermənistan Respublika Partiyası Şurasının üzvü Armen Hovasepyan İranın keçmiş xarici işlər naziri, Ali dini liderin müşaviri Əli Əkbər Vilayətinin TRIPP layihəsi ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Erməni siyasətçi bildirib ki, Vilayəti TRIPP layihəsini İranın qırmızı xətti kimi xarakterizə edib və bu xəttin keçilməsinə sərt reaksiya veriləcəyini söyləyib:

“Tehran sözügedən layihəni İranın şimal sərhədləri yaxınlığında ABŞ-ın uzunmüddətli mövcudluğunun təmin edilməsi və regiondakı qüvvələr balansının dəyişdirilməsi baxımından təhlükə hesab edir. Rusiya ilə İranın Cənubi Qafqazdakı maraqları müəyyən məqamlarda üst-üstə düşür. Hər iki ölkə regiondakı təsir imkanlarını qorumaqda və Qərbin mövcudluğunun genişlənməsinin qarşısını almaqda maraqlıdır. Rusiyanın Ukraynada müharibə ilə məşğul olması Moskvanın Cənubi Qafqazdakı maraqlarından imtina etməsi anlamına gəlmir”.

Açıqlamada diqqətçəkən digər məqam isə Türkmənçay müqaviləsinə istinaddır. Erməni siyasətçi bunu İranın Araz çayının şimalında yerləşən ərazilərə dair tarixi geosiyasi yanaşmasının göstəricisi kimi qiymətləndirib:

“Həmin ərazilərdə Rusiyanın təsir amilini də nəzərə almaq lazımdır. Vilayətinin Dərbəndə qədər uzanan ərazidə yaranmış boşluğun İran tərəfindən doldurulacağına dair fikirləri də Tehranın regional ambisiyalarının göstəricisidir.

Ermənistan hakimiyyəti TRIPP layihəsini əsasən iqtisadi imkanlar çərçivəsində təqdim etməklə onun ətrafındakı geosiyasi rəqabəti lazımi səviyyədə nəzərə almır. Nəticədə Ermənistanın cənubu xarici güclərin maraqlarının toqquşduğu məkana çevrilə. Bunun nəticələrinə görə məsuliyyət ölkənin öz üzərinə düşə bilər”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az