Türkiyənin o vəzifə üçün namizədi Sinirlioğlundan İLGİNC AÇIQLAMALAR

Türkiyənin o vəzifə üçün namizədi Sinirlioğlundan

Türkiyənin sabiq xarici işlər naziri, hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi vəzifəsini icra edən Feridun Sinirlioğlu Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçirilən mətbuat konfransında namizədliyi ilə bağlı sualları cavablandırıb.

Sinirlioğlu bildirib ki, BMT-nin baş katibi seçiləcəyi təqdirdə, vəzifəsinin tələb etdiyi prinsiplərə uyğun olaraq tam müstəqil və qərəzsiz fəaliyyət göstərəcək.

“Qərəzsiz və müstəqil baş katib olacağam. Bu, həmin vəzifənin mahiyyətindən irəli gəlir. Vəzifə öhdəliklərinin tələb etdiyindən fərqli mövqe sərgiləyə bilmərəm. Mən bura ölkəmin nümayəndəsi kimi deyil, namizədi kimi gəlmişəm”, - deyə o vurğulayıb.

Diplomat beynəlxalq ictimaiyyətin hazırda olduqca çətin mərhələdən keçdiyini diqqətə çatdıraraq, belə bir dövrdə BMT kimi çoxtərəfli beynəlxalq qurumlara ehtiyacın daha da artdığını söyləyib. Onun sözlərinə görə, BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunması istiqamətində üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir.

Sinirlioğlu hesab edir ki, BMT-nin baş katibi qərəzsiz olmalı və təşkilatın fəaliyyətinə düzgün istiqamət verə biləcək diplomat kimi çıxış etməlidir.

“Birləşmiş Millətlər Təşkilatının alternativi yoxdur. Mənim namizədliyim sadə bir inanca əsaslanır: nəticə əldə edə bilən BMT-yə ehtiyacımız var”, - deyə Türkiyənin namizədi vurğulayıb.

Feridun Sinirlioğlu BMT-nin baş katibi vəzifəsinə namizədliyi və bu post üçün peşəkar hazırlığı ilə bağlı da qətiyyətli mövqe sərgiləyib:

“Bir həqiqət də var ki, mən bu vəzifə üçün yetişdirilmişəm. Bunun üçün bütün zəruri təcrübəyə və səriştəyə sahibəm. Bu işə uyğun namizəd olduğuma inanıram”.

Sinirlioğlu BMT Nizamnaməsinə dəyişikliklər edilməsi və təşkilatda institusional islahatların aparılması ilə bağlı suallara da münasibət bildirib.

O qeyd edib ki, bu cür dəyişikliklər və islahatlar yalnız üzv dövlətlər tərəfindən irəli sürülməli və onların qərarı ilə həyata keçirilməlidir.

“Üzv dövlətlərlə baş katib arasında vəzifə bölgüsü kifayət qədər aydındır. Sözügedən islahatlar BMT Baş Katibliyinin müvafiq strukturları vasitəsilə qanuniləşdirilməli olan prosesdir. Bu təşəbbüsü baş katib özü irəli sürə bilməz. İslahatlar üzv dövlətlər tərəfindən başladılmalı və yekunlaşdırılmalıdır. Mənim rolum isə üzv dövlətlərlə aparacağım təmaslar vasitəsilə onların maraqlarına ən uyğun kompromisə nail olmalarına kömək etməkdən ibarət olacaq”, - deyə Feridun Sinirlioğlu bildirib.

Diplomat BMT Təhlükəsizlik Şurasında veto hüququ məsələsinin də birbaşa üzv dövlətlərin səlahiyyətinə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə oktyabrın 31-də səfir Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyi ilə bağlı rəsmi müraciətini təqdim edib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Ahmet Yıldız namizədliyin irəli sürülməsi ilə bağlı açıqlamasında bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan Sinirlioğlunun bu vəzifə üçün zəruri keyfiyyətlərini, bacarıqlarını, beynəlxalq təcrübəsini və ona olan etimadını nəzərə alaraq bu qərarı verib.

Xatırladaq ki, Feridun Sinirlioğlu 2015-ci ilin avqust-noyabr aylarında xarici işlər naziri vəzifəsini icra edib. O, 2016-2023-cü illərdə Türkiyənin BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərib.

Aytən Novruz

Mənbə: musavat.com