ABŞ Dövlət Departamenti İranın nüvə proqramı haqqında məlumat verən şəxslərə 20 milyon dollara qədər mükafat ayrıldığını elan edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “Rewards for Justice” (“Ədalət naminə mükafat”) proqramı məlumat yayıb.
Açıqlamaya əsasən, mükafat İranın nüvə obyektləri, avadanlıqları, nüvə proqramında çalışan alimlər və digər mütəxəssislər, həmçinin nüvə texnologiyalarının və əlaqəli materialların hərəkəti barədə məlumat təqdim edən şəxslər üçün nəzərdə tutulub.
ABŞ hökuməti məlumat verən şəxslərin təhlükəsizliyinin təmin olunması məqsədilə onların və ailə üzvlərinin başqa ölkəyə köçürülməsi imkanını da nəzərdən keçirə bilər.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da mükafatla bağlı məlumatı yayıb.
Dövlət Departamentinin açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 2025-ci il hesabatına istinad edilərək İranın uranı 60 faizədək zənginləşdirdiyi bildirilib. Qeyd olunub ki, nüvə silahının hazırlanması üçün tələb edilən zənginləşdirmə səviyyəsi təxminən 90 faizdir.
Vaşinqton həmçinin İranın nüvə proqramı üzərində beynəlxalq nəzarətlə bağlı öhdəliklərini yerinə yetirməməsinin sentrifuqaların istehsalı və ehtiyatları barədə məlumatların izlənilməsini çətinləşdirdiyini açıqlayıb.
ABŞ-nin bu qərarı İranın nüvə proqramı ətrafında hərbi və diplomatik gərginliyin davam etdiyi bir vaxtda elan olunub.
Mənbə: musavat.com