SSRİ-nin ərazi səxavəti: Sovet rəhbərləri torpaqları hansı ölkələrə peşkəş edib?

SSRİ-nin ərazi səxavəti: Sovet rəhbərləri torpaqları hansı ölkələrə peşkəş edib?

İkinci Dünya Müharibəsinin sonunda SSRİ qalib kimi təkcə şöhrət və təzminat deyil, həm də xeyli ərazilər qazandı. Şərqi Prussiyanın, Transkarpatiyanın, Petsamo bölgəsinin, Cənubi Saxalin və Kuril adalarının bir hissəsi SSRİ-nin əlinə keçdi.

Nəzərə alaq ki, SSRİ müharibədən əvvəl də böyük əraziyə sahib idi. Bu bolluq təbii ki, Sovet rəhbərliyinin başını gicəlləndirdi. Qısa zamanda xeyli ərazi başqa dövlətlərə peşkəş edildi.

SSRİ rəhbərliyi hansı ölkələrə torpaq pay verib?

Polşa

1944-cü ilin sentyabrında Qərbi Ukrayna və Qərbi Belarusun, eləcə də Polşanın bir hissəsinin azad edilməsindən sonra SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı (20 sentyabr 1944-cü il tarixli sənəd) ilə Bialistok vilayətinin əksər hissəsi (23 rayondan 17-si, eləcə də Bialistok şəhərinin özü) Polşaya verildi. Növbəti il, rəsmi sərhəd müqaviləsi imzalandıqda, polyaklara Ukraynanın Pşemışl şəhəri və ətraf rayonu da bağışlanıldı.
 

Bu səxavətin səbəbi Tehran Konfransının razılaşmaları və Kerzon xətti boyunca sərhədi tənzimləmək istəyi idi, Bialistok bölgəsində Polşanın lehinə, Lvov bölgəsində isə SSRİ-nin lehinə güzəştlər edildi. Daha sonra sərhəd bir neçə dəfə tənzimləndi.


Ən diqqətçəkən dəyişikliklər 1948-ci ildə baş verdi. O zaman Polşanın Podolia və Qalisiyadan ümumilikdə səkkiz yaşayış məntəqəsi alması və 1951-ci ildə 480 kvadrat kilometr ərazinin köçürülməsi ilə yekunlaşdı. Əslində bu hədiyyə deyildi. Sadəcə olaraq perspektivli Lvov-Volın kömür hövzəsi ilə eyni ölçülü Polşa ərazisinin dəyişdirilməsi idi.

Finlandiya

Növbəti "hədiyyə" Nikita Xruşşov tərəfindən edildi. Stalin siyasi mənfəət naminə torpaq qurban versə də, Xruşşov bunu yaxşı qonşuluq münasibətləri naminə etdi. Tarixçi Nikolay Korablyovun "Qədim dövrlərdən bu günə qədər Kareliya tarixi" kitabında yazıb ki, 1950-ci illərdə Sovet-Finlandiya münasibətlərində istiləşmə başladı.
 

Şimal qonşusunu narahat etməmək üçün Nikita Sergeyeviç Sovet hərbi dəniz bazasının yerləşdiyi strateji əhəmiyyətli Porkkala yarımadasını Finlandiyaya qaytardı və həmçinin Karel-Finlandiya SSR-ni ləğv edərək onu RSFSR daxilində Kareliya muxtariyyətinə çevirdi.


Əslində, yarımada 1944-cü ildə imzalanmış 50 illik icarə müqaviləsinə əsasən müvəqqəti olaraq SSRİ-nin tərkibində idi. Lakin bu cür müvəqqəti öhdəliklərin tez-tez dəyişdiyinin biz tarixdə çox görmüşük.

Çin

SSRİ həmçinin Çin ərazilərini - Port Artur limanını və yaxınlıqdakı Dalian (Dalnı) şəhərini icarəyə götürdü. 1945-ci ildə Lyaodun yarımadasının yapon qoşunlarından azad edilməsindən sonra imzalanan 30 illik müqaviləyə baxmayaraq, Stalin dəfələrlə Sovet qoşunlarını geri çəkməyi və nəzarəti tamamilə ÇXR-ə təhvil verməyi planlaşdırırdı. Lakin Yuri Qalenoviçin "Stalin və Mao: İki Lider" kitabında yazdığı kimi, Çin lideri təcavüz və daxili qeyri-sabitlikdən qorxaraq buna qarşı çıxdı. Beləliklə, ərazi təhvil verilməsi 1954-1955-ci illərdə Xruşşov dövründə baş verdi.

Yaponların Çini işğalı zamanı SSRİ sərhəd bölgələrində - Amur və Ussuri çaylarında bir neçə adaya nəzarəti ələ keçirdi. 1960-cı illərdə ÇXR onları öz ərazisinə qatdı. Xruşşov da güzəştə getməkdə qərarlı idi. Hətta müqavilə layihəsi də hazırlanmışdı. Lakin imzalanma heç vaxt baş tutmadı, çünki Leonid Brejnev 1964-cü ildə hakimiyyətə gəldi. Əlbəttə ki, çinlilər adaları xəritədə məmnuniyyətlə "öz" rənglərinə boyadılar, lakin faktiki olaraq onlar Sovet nəzarəti altında qaldılar. Məsələ nəhayət 2004–2005-ci illərdə həll edildi.

ABŞ

Mixail Qorbaçov Sovet torpaqlarının, daha doğrusu sularının son "donoru" idi. Söhbət Berinq və Çukotka dənizlərindəki 50.000 kvadrat kilometr dəniz sahəsindən gedir. ABŞ və SSRİ arasında iqtisadi zonaların və kontinental şelfin delimitasiyası məsələsi 1970-ci illərin sonlarında ortaya çıxdı. Razılaşma yalnız 1990-cı ilin iyun ayında əldə edildi. SSRİ dağıldığı üçün Sovet tərəfi sənədi heç vaxt təsdiqləmədi. Ona görə də, sözügedən suların statusu bu günə qədər qeyri-müəyyən olaraq qalır və saziş müvəqqəti hesab olunur.

Bu torpaqlar niyə verildi?

SSRİ ərazilərinin müxtəlif səbəblərdən- siyasi məqsədəuyğunluq, mehriban qonşuluq münasibətləri və situativ vəziyyətə görə başqa ölkələrə verildiyi bildirilir. Amma bəzi hallarda bunlar qəsdən strateji qərar kimi təqdim edilirdi.
 

Məsələn, Polşaya torpaqlar bu ölkənin Sovet təsir dairəsində qalması üçün verildi. Finlandiya ilə yaxşı münasibətləri qorumaq istəyi ilə belə bir addımın atıldığı deyildi. Digərlərində isə, məsələn, Çinlə uzun danışıqların və kompromislərin nəticəsi idi.


Bəzən isə bu, sadəcə zəiflik və razı salmaq istəyinin nəticəsi idi. Məsələn ABŞ ilə olduğu kimi. Doğrudur, bunlar SSRİ-nin müharibə nəticəsində əldə etdiyi torpaqlar idi. Lakin minlərlə insanın qanı bahasına əldə edilmiş torpaqların bir siyasi qərarla başqa dövlətə verilməsi heç bir halda normal qəbul edilə bilməz.

Mənbə: bizim.media