İrandan nüvə qərarı - Azərbaycan ətrafında çənbər

İrandan nüvə qərarı - Azərbaycan ətrafında çənbər

Tehran beynəlxalq müqavilədən çıxmağı ali səviyyədə gündəmə gətirib; bu mövqe qonşumuzun Cənubi Qafqaz siyasətinə və Xəzər hövzəsində sabitliyə ciddi təsir göstərə bilər

İranın nüvə siyasətində təhlükəli dönüş ehtimalı yaranır. Tehran nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədi daşıyan beynəlxalq müqavilədən çıxmaq məsələsini artıq ayrı-ayrı siyasətçilərin çağırışı kimi deyil, ölkənin ali dini-siyasi institutlarından birinin bəyanatı səviyyəsində gündəmə gətirib. İranın ali rəhbərini seçən Ekspertlər Şurası Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq məsələsinə baxılmasını, müdafiə doktrinasına yenidən nəzər salınmasını və zəruri çəkindirmə imkanlarının yaradılmasını “qaçılmaz zərurət” adlandırıb.

Yayılan bəyanatda İranın nüvə biliklərinə və imkanlarına qarşı təhdidlərin beynəlxalq institutlara etimadı mümkünsüz etdiyi iddia olunur. Şura rəsmiləri ölkənin hüquqlarından geri çəkilməməyə çağırıb, ABŞ ilə güzəştlərin Vaşinqtonun siyasətini dəyişməyəcəyini vurğulayıb. Sənəddə daha bir diqqətçəkən məqam var: İrana qarşı yeni hücum olacağı təqdirdə cavabın dərhal veriləcəyi və bunun coğrafi məhdudiyyət daşımayacağı bildirilir.

İran 1970-ci ildə NPT-yə qoşulub. Müqavilədən çıxmaq isə sadəcə diplomatik sənəddən imtina etmək deyil. Bu, beynəlxalq nüvə nəzarətinin gələcəyi, regionda təhlükəsizlik arxitekturası ilə bağlı ciddi nəticələr doğura bilər. Məhz bu məqam Azərbaycan üçün də ciddi narahatlıq doğurur. Çünki söhbət təkcə İranın nüvə silahı əldə etmək ehtimalından getmir. Söhbət Azərbaycanın cənub sərhədində yerləşən dövlətin hərbi doktrinasını dəyişmək, çəkindirmə imkanlarını genişləndirmək və mümkün qarşıdurma zamanı coğrafi sərhədləri nəzərə almayan cavab strategiyası elan etmək niyyətindən gedir.

İranın nüvə siyasətində mümkün dəyişiklik ilk növbədə Azərbaycanın yerləşdiyi geosiyasi məkanı daha həssas vəziyyətə gətirə bilər. Azərbaycan həm İranla uzun quru sərhədinə malikdir, həm də Xəzər hövzəsində yerləşir. Azərbaycanın üzləşə biləcəyi digər risk İranın nüvə proqramı ətrafında beynəlxalq qarşıdurmanın Cənubi Qafqaza daşınmasıdır. İranın nüvə obyektlərinə yenidən zərbələr endirilməsi, Tehranın buna cavab olaraq regiondakı hərbi və iqtisadi infrastrukturu hədəfə alan addımlar atması ehtimalı Azərbaycan üçün də arzuolunmaz ssenaridir. Belə bir müharibə sərhəd təhlükəsizliyinə, ticarət yollarına, enerji və nəqliyyat layihələrinə, Xəzər hövzəsində sabitliyə təsir göstərə bilər.

İranın nüvə siyasətində mümkün dəyişiklik Ermənistan-Azərbaycan sülh prosesinə də təsir edə bilər. Tehran Zəngəzur istiqamətindəki nəqliyyat layihələrinə, Türkiyə-Azərbaycan bağlantısının genişlənməsinə və regionda geosiyasi təsir balansının dəyişməsinə həssas yanaşır. Nüvə qarşıdurmasının dərinləşməsi İranın Cənubi Qafqaz siyasətində daha sərt mövqe tutmasına, sərhəd və kommunikasiya məsələlərini təhlükəsizlik müstəvisinə keçirməsinə şərait yarada bilər.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

“Yeni Müsavat”a bu vəziyyəti şərh edən professor Qabil Hüseynli kifayət qədər ciddi risklər olduğunu düşünür. Onun fikrincə, Trampın məntiqsiz və uğursuz İran siyasəti region ölkələri üçün problemlərə zəmin yaratmaqdadır: “Çünki İranın azı beş ildir ki, əsas narahatlıqlarından biri Zəngəzur dəhlizidir. Bu layihə "Tramp marşrutu" adlanan beynəlxalq zəmanət kimi dəyərləndirilmişdi. Açığı, mən də o qənaətdə idim ki, ABŞ İranla müharibədən qalib çıxarsa, dəhlizin işə düşməsi daha asan olacaq. İndi də onu demək istəmirəm ki, Zəngəzur yolu açılmayacaq. Sadəcə, İranla müharibədə strateji məğlubiyyət Tehranın əl-qolunu açmaqdadır, dilini uzatmaqdadır. Beynəlxalq müqavilədən çıxmaqla bağlı səslənən radikal fikirlər də bu arxayınlıqdan irəli gəlir. Hərgah, İranın belə bir addım atacağına da inanmıram. Amma bizi, yəni region dövlətlərini bir atəşə atdıqlarını söyləmək lazımdır".

Qabil Hüseynlinin sözlərinə görə, İranı bu şəkildə yarımcan buraxmaq təhlükəli idi və ABŞ hakimiyyəti bu səhvə yol verdi: “Ümumiyyətlə, nüvə silahı olmayan İran regionda təhdiddir, o ki qala bu bombanı əldə etsin. Onların bizimlə hansı dildə danışdıqlarını hamı görür. Çünki SEPAH bu hadisələrdən sonra aqressivləşib və özlərini bölgənin ağası kimi hiss edirlər. Xüsusən də Rusiyanın zəiflədiyini və onun yerini doldurduqlarını düşünürlər. Bu yaxınlarda SEPAH bunu açıq dilə gətirmişdi ki, Rusiyanın müharibə səbəbindən Cənubi Qafqaza diqqəti azalıb, amma onun yerinə biz varıq. Bu baxımdan, həm İrana təzyiqlər artırılmalıdır ki, nüvə silahı ilə bağlı beynəlxalq müqavilədən çıxmasın, həm də TRİPP layihəsinin reallaşmasını sürətləndirmək lazımdır”.

Müsahibimiz hesab edir ki, nüvə məsələsində beynəlxalq təzyiq artarsa, İran özünü regional mühasirədə hiss edə və Cənubi Qafqazda təsir imkanlarını qorumağa daha çox çalışa bilər: “Bundan əlavə, İsrail amili Azərbaycan üçün əlavə həssaslıq yaradır. İranın nüvə doktrinasını dəyişmək istiqamətində addımları İsraillə qarşıdurmanı daha da mürəkkəbləşdirə bilər. Azərbaycanın isə İsraillə strateji əməkdaşlığı, müdafiə əlaqələri və enerji sahəsində münasibətləri Tehran tərəfindən diqqətlə izlənilir. Yəni mürəkkəb bir şəraitdə olduğumuzu açıq deməliyik. Şübhəsiz ki, Azərbaycanın İsraillə münasibətlərinin olması onun İranla münaqişədə tərəf tutacağı demək deyil. Bakı öz ərazisinin başqa dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadəsinə yol verilməməsi prinsipini qorumaqda maraqlıdır. Sadəcə, İranın təzyiqləri artıracağını gözləməliyik. Odur ki, İrana beynəlxalq basqılar artmalıdır, yoxsa nüvə silahı ilə bağlı ritorikası daha da sərtləşəcək. Ola bilsin ki, beynəlxalq gücləri daha az narahat edir, amma İrana yaxınlıqda yerləşən dövlətlər əsaslı şəkildə bu haqda fikirləşməlidirlər”.

Xatırladaq ki, noyabrın 14-də İsrail baş naziri Benyamin Netanyahu İranın nüvə proqramını bərpa etmək üçün səylər göstərdiyini açıqlayıb. “Biz birbaşa məhv edilmə təhlükəsinin qarşısını aldığımız "Aslan milləti" və “Aslanın nərəsi əməliyyatları zamanı etdiyimiz kimi, gələcəkdə də bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik. Biz bu ekzistensial təhlükəni birdəfəlik aradan qaldırmalıyıq”, - deyə Netanyahu qeyd edib.

Emil SALAMOĞLU,

Mənbə: www.musavat.com