İrəvanda yeni qorxu - Azərbaycan qarşısında bizi nə gözləyir?

İrəvanda yeni qorxu -

Ermənistanda Azərbaycanın mümkün yeni tələbləri ilə bağlı iddialar artır. Erməni siyasi şərhçiləri arasında ölkənin daxili zəifliklərinin Bakının mövqelərini daha da gücləndirdiyini düşünənlər var.

Erməni mediasına istinadən xəbər verilir ki, “Alternativ layihələr” ekspert qrupunun üzvü Vahe Ovannisyan bu barədə məqaləsində yazıb.

Onun fikrincə, Ermənistanın qarşılaşacağı növbəti tələblərin xarakteri əslində Bakıda deyil, İrəvanda müəyyənləşir.

“Azərbaycanın sonuncu tələbi, nə qədər təəccüblü səslənsə də, Azərbaycanda deyil, Ermənistanda formalaşır. Ermənistan nə qədər zəifləsə tələblər bir o qədər çoxalacaq”, – deyə Ovannisyan bildirib.

Erməni şərhçi hesab edir ki, ölkəsinin siyasi rəhbərliyi düşünülmüş qərarlar qəbul etməsə, Azərbaycanın tələbləri daha da sərtləşə bilər.

O, Ermənistanın gələcəyinə dair bədbin proqnozlar səsləndirərək Bakının son məqsədinin ölkəsini özündən asılı vəziyyətə salmaq olduğunu iddia edib. Lakin bu iddiasını təsdiqləyən konkret fakt təqdim etməyib.

Ovannisyan Qarabağ məsələsinə də toxunub. Erməni şərhçi prosesin Ermənistan üçün ən pis nəticə ilə başa çatdığını bildirərək indiki vəziyyətdə də hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinin məlum olmadığını vurğulayıb.

Məqalədə Ermənistanın daxili siyasi vəziyyəti də tənqid olunur. Müəllif siyasi qarşıdurmanın yumşaldılmasını, həbsdə olan siyasi xadimlərin və partiya rəhbərlərinin azad edilməsini, kilsə ilə münaqişəyə son qoyulmasını və ölkədə siyasi dialoqun başlanmasını tələb edir.

Beləliklə, erməni şərhçinin Azərbaycanla bağlı ittihamlarının arxasında Ermənistanın mövcud siyasi kursuna qarşı narazılıq dayanır. O, Bakının tələblərinin artması ehtimalını ilk növbədə öz ölkəsinin siyasi zəifliyi ilə əlaqələndirir.

Mənbə: musavat.com