Kanadada ABŞ səfirinin ölkədən çıxarılması tələb olunur

Kanadada ABŞ səfirinin ölkədən çıxarılması tələb olunur

Kanadada ABŞ-nin Ottavadakı səfiri Pit Hukstranın “arzuolunmaz şəxs” elan edilərək ölkədən çıxarılması və geri çağırılması tələbi ilə elektron petisiya 285 mindən çox insan tərəfindən imzalanıb.

Bu barədə “Radio-Canada” məlumat yayıb.

Petisiyanın müəllifləri ABŞ-ın diqqətini Hukstranın Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını sistematik şəkildə pozması iddialarına yönəltməyə və Vaşinqtonun Kanadanın daxili işlərinə müdaxiləsi ilə bağlı araşdırma aparmağa çağırıblar.

Sənəddə iddia olunur ki, Hukstra 2025-ci ildə Kanadada keçirilən seçki kampaniyasını “anti-Amerika” adlandırıb, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kanadanı “51-ci ştat” kimi özünə birləşdirmək təhdidlərinin əhəmiyyətini kiçildib. O, həmçinin Ottavanı ABŞ-ın daxili siyasətinə müdaxilədə ittiham edib.

Petisiya üzrə imza toplama prosesi iyulun 21-dən noyabrın 18-dək davam edib. İmzaların sayı sənədin parlamentdə müzakirəyə çıxarılması üçün tələb olunan 500 nəfərlik həddi dəfələrlə üstələyib.

Mənbə: bizim.media