Ukraynanın Ternopol vilayətində çağırış yaşlı kişilərin keçmiş qayınanaları ilə nikaha girməsi halları aşkarlanıb.
Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu barədə vilayət polisinin rəisi Sergey Zyubanenko özünün "Facebook" səhifəsində məlumat verib.
Ehtimal olunur ki, bu cür evliliklər səfərbərlikdən möhlət almaq məqsədilə rəsmiləşdirilib.
Polisin məlumatına görə, 2022-ci ildən etibarən regionda qadınların çağırış yaşlı kişilərdən 20 və daha çox yaş böyük olduğu 850 nikah qeydə alınıb. Statistikaya əsasən, 2022-ci ildə bu cür 103, 2023-cü ildə 276, 2024-cü ildə 145, 2025-ci ildə 138, 2026-cı ilin əvvəlindən bəri isə 188 nikah bağlanıb.
"Xüsusi həyasızlıq isə ondadır ki, bir neçə kişi öz qayınanası ilə nikah qeydiyyatına düşüb", – deyə S.Zyubanenko bildirib.
Xüsusilə, 2024-cü ilin fevralında Ternopol sakini 66 yaşlı keçmiş qayınanası ilə evlənib. Həmin ilin may ayında analoji hal Podvoloçisk icmasında da qeydə alınıb. Polis şübhəli nikahların, o cümlədən əlilliyi olan qadınlarla bağlanan izdivacların qanuniliyini yoxlamaq niyyətindədir.
Bununla belə, vilayət polisinin rəisi vurğulayıb ki, ər-arvad arasındakı yaş fərqi özlüyündə səfərbərlikdən yayınma ittihamı üçün əsas sayılmır.
S.Zyubanenkonun sözlərinə görə, bu cür sxemlər sistemli xarakter alıb və hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri məhz belə nikahların rəsmiləşdirilməsindən pul qazanmağa çalışan təşkilatçıları aşkar etməkdir.
Xatırladaq ki, 2024-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski səfərbərlik üzrə çağırış yaşının 27-dən 25-ə endirilməsini nəzərdə tutan qanuna düzəlişləri imzalayıb. Çağırışın yuxarı yaş həddi isə dəyişməz olaraq 60 yaş qalır. Kiyev rəsmiləri yaş həddinin daha da aşağı salınması planlarını dəfələrlə təkzib ediblər.
Mənbə: bizim.media