İsrailin müdafiə naziri İsrael Katsın Qəzza zolağında bir milyon fələstinlinin yenidən cənuba köçürülə biləcəyi ilə bağlı hədəsi bölgədə onsuz da kövrək olan atəşkəsi ciddi təhlükə altına alır. Kats HƏMAS-ın silahlarını könüllü təhvil verməyəcəyi təqdirdə İsrail ordusunun yeni genişmiqyaslı hərbi əməliyyata başlayacağını və “Gideonun arabaları II” əməliyyatı çərçivəsində Qəzza sakinlərinin kütləvi şəkildə köçürüləcəyini bildirib.
Bu açıqlama Qəzzada müharibənin yenidən alovlanması, mülki əhalinin təhlükəsizliyi və atəşkəs razılaşmasının gələcəyi ilə bağlı ciddi narahatlıq yaradıb. Bir milyona yaxın insanın yenidən evindən didərgin salınması ehtimalı humanitar böhranı daha da dərinləşdirə, regionda yeni qarşıdurma dalğasına səbəb ola bilər.
ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsin davam etdiyi bir vaxtda İsrailin bu ultimatumunun arxasında hansı siyasi və hərbi məqsədlər dayanır? Beynəlxalq vasitəçilər yeni fəlakətin qarşısını ala biləcəklərmi?
Politoloq Həsən Məmmədov bildirib ki, İsrael Katsın bu bəyanatı regionda vəziyyətin nə qədər həssas olduğunu göstərir: “Hesab edirəm ki, bu cür açıqlamalar onsuz da ağır humanitar böhran yaşayan Qəzza əhalisinin vəziyyətini daha da çətinləşdirir və atəşkəsin gələcəyini sual altına qoyur.
Donald Tramp ABŞ prezidenti kimi hakimiyyətə gəldikdən sonra ilk mərhələdə Qəzzada atəşkəsin əldə olunması istiqamətində müəyyən diplomatik addımlar atıldı. Girovların və məhbusların mübadiləsi həyata keçirildi, humanitar yardımın çatdırılması ilə bağlı razılaşmalar əldə olundu. Bu proses müharibənin başa çatacağına dair ciddi ümidlər yaratmışdı. Lakin sonrakı hadisələr göstərdi ki, həmin ümidlər davamlı sülhə çevrilmədi. Atəşkəs pozuldu, hərbi əməliyyatlar yenidən genişləndi və mülki əhali yenə ağır vəziyyətlə üzləşdi.
Burada ABŞ administrasiyasının siyasətindəki ziddiyyətlərə xüsusi diqqət yetirmək lazımdır. Vaşinqton bir tərəfdən Yaxın Şərqdə sülhdən, sabitlikdən və diplomatik həll yollarından danışır, digər tərəfdən isə İranla hərbi qarşıdurmaya daxil olaraq regionda gərginliyin daha da genişlənməsinə səbəb olan addımlar atır. Belə bir siyasət Qəzzadakı münaqişənin həllini də çətinləşdirir. Çünki regionda hərbi gərginlik artdıqca diplomatik təşəbbüslərin həyata keçirilməsi üçün imkanlar daralır”.
Politoloq hesab edir ki, ABŞ İsrail üzərindəki siyasi və hərbi təsir imkanlarından istifadə etməlidir: “İsrailin mülki əhalinin kütləvi köçürülməsi ilə bağlı hədələri beynəlxalq hüquq və humanitar prinsiplər çərçivəsində qiymətləndirilməlidir. Bir milyona yaxın insanın yenidən evindən didərgin salınması, sadəcə, əhalinin yerinin dəyişdirilməsi deyil, milyonlarla insanın həyatına təsir göstərə biləcək ciddi humanitar problemdir. Digər tərəfdən, HƏMAS-ın silahlandırılması və gələcəkdə Qəzzanın idarə olunması məsələsi də siyasi danışıqların tərkib hissəsi olmalıdır. Lakin bu məsələlər mülki əhalinin kollektiv şəkildə cəzalandırılması və ya zorla köçürülməsi üçün əsas kimi istifadə edilməməlidir.
Vasitəçilik məsələsinə gəldikdə, düşünürəm ki, burada Misir və Qətərin rolu xüsusi əhəmiyyət daşıyır. Misir həm coğrafi mövqeyinə, həm də Rəfah sərhəd keçidinə görə prosesdə mühüm tərəfdir. Qətər isə HƏMAS-la əlaqələri və əvvəlki danışıqlardakı təcrübəsi ilə tərəflər arasında dialoqun qurulmasına töhfə verə, Türkiyə də regional nüfuzu və diplomatik imkanları ilə bu prosesə dəstək göstərə bilər. BMT isə atəşkəsin qorunması və humanitar hüququn təmin olunması istiqamətində daha fəal mövqe sərgiləməlidir.
Ən vacib məsələ ABŞ-nin bu prosesdəki mövqeyidir. Çünki İsrailə ən böyük siyasi və hərbi təsir imkanlarından birinə malik olan dövlət məhz ABŞ-dır. Vaşinqton həqiqətən sülh istəyirsə, bu təsir imkanlarından yalnız bəyanatlar səsləndirmək üçün yox, konkret nəticələr əldə etmək üçün istifadə etməlidir. Qəzzada problemin həlli yeni hərbi əməliyyatlarla, yeni köç dalğaları və yeni ultimatumlarla mümkün deyil. Həll yolu atəşkəsin qorunması, İsrail qoşunlarının mərhələli şəkildə çıxarılması, humanitar yardımın maneəsiz çatdırılması, girov və məhbus məsələlərinin həlli, Fələstinin legitim idarəetmə sisteminin formalaşdırılması və Qəzzanın yenidən qurulmasından keçir.
Dünya bir daha anlamalıdır ki, hərbi əməliyyatlarla əraziləri dağıtmaq mümkündür, lakin davamlı sülh qurmaq mümkün deyil. Qəzzada yaşayan insanların da təhlükəsiz yaşamaq, öz evlərinə qayıtmaq və normal gələcək qurmaq hüququ var. Bu hüquqlar heç bir siyasi və hərbi marağa qurban verilməməlidir”.
Cavanşir Abbaslı
Mənbə: musavat.com