Rusiya kommunistləri Vardan Qukasyanın ev dustaqlığına keçirilməsini beynəlxalq həmrəyliyin nəticəsi sayır, Ermənistan hakimiyyətini isə siyasi təqiblərdə ittiham edirlər
Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov Moskvada Ermənistandan gəlmiş nümayəndə heyəti ilə görüş keçirib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, görüşdə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Kazbek Taysayev, Gümrü merinin müavini Qagik Manukyan, meriyanın eksperti Anuşavan Papikyan və Kursk vilayətindəki erməni icmasının rəhbəri Derenik Koştoyan iştirak ediblər.

RFKP-nin yaydığı məlumata görə, Ermənistan nümayəndə heyəti Kommunist Partiyasının birinci katibi Kazaryanın salamlarını çatdırıb. Qonaqlar, həmçinin ev dustaqlığında olan Gümrü meri Vardan Qukasyanın təşəkkürlərini Rusiya tərəfinə çatdırıblar. Görüşdə Ermənistandakı siyasi vəziyyət, Kommunist Partiyasının fəaliyyəti, eləcə də nümayəndə heyətinin beynəlxalq və regionlararası forumda iştirakı müzakirə olunub.
Rusiya kommunistləri Vardan Qukasyanın təqib edilməsini siyasi motivli proses kimi qiymətləndirirlər. RFKP nümayəndələri bildiriblər ki, Gümrü merinin ev dustaqlığına keçirilməsi beynəlxalq kommunist partiyalarının həmrəyliyi nəticəsində əldə edilmiş ciddi nailiyyətdir. Onların fikrincə, Qukasyanın həbsi Rusiyaya münasibətdə müsbət mövqeyi ilə seçilən siyasətçiyə qarşı siyasi təqib və saxtalaşdırılmış işin tərkib hissəsi olub. Qeyd edək ki, Vardan Qukasyan Ermənistan Kommunist Partiyasının siyahısı üzrə mer seçilib.
Ermənistan nümayəndə heyəti Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov və Kazbek Taysayevlə də ayrıca görüşlər keçirib. Tərəflər partiyalararası və parlamentlərarası əlaqələrin inkişafı, MDB çərçivəsində əməkdaşlıq, Avrasiya inteqrasiyası, eləcə də soydaşlara dəstək məsələlərini müzakirə ediblər.Kalaşnikov da Vardan Qukasyana dəstəyini ifadə edib.

Rusiya kommunistlərinin açıqlamasından görünür ki, Gümrü merinin işi artıq təkcə Ermənistanın daxili hüquqi-siyasi məsələsi kimi deyil, Moskva ilə İrəvan arasındakı münasibətlər kontekstində də nəzərdən keçirilir. Rusiyapərəst mövqeyi ilə tanınan Qukasyanın müdafiəsinə Rusiya siyasi dairələrinin, xüsusilə kommunistlərin bu səviyyədə qoşulması Nikol Paşinyan hakimiyyətinə qarşı əlavə siyasi təzyiq amili kimi qiymətləndirilə bilər.
Mənbə: www.musavat.com