Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəsi bu ilin 9 ayında 5 milyard dolları keçib.
Axar.az xəbər verir ki, bu, indiyə qədər heç bir yerdə müşahidə edilməyən artım kimi qiymətləndirilib.
Belə ki, 2022-ci il boyu Aİİ ilə ticarət dövriyyəsi 3,4 milyard dollar olub, başqa sözlə, bu ilin 9 ayındakı rəqəm bütün ötən ilin həcmini 50 faizə yaxın keçib.
Ermənistanın Qazaxıstana ixracı 150%, Qırğızıstana 261%, Rusiyaya isə 7% artıb.
Ermənistan tarixində ilk dəfə Aİİ ölkələrinə ixrac idxalı üstələyib.
Qeyd edək ki, bütün bu “kəskin artımın” səbəbi Rusiyaya tətbiq edilən sanksiyalardır. Artıq Rusiyaya ixracda faktastik artımı gizlətmək üçün Ermənistan “digər Aİİ ölkələrindən” istifadə etməyə başlayıb: yəni Avropada Ermənistanın Rusiyaya sanksiyaları dəldiyi haqda məlumatlar hallandıqdan sonra İrəvan Rusiyaya məhsulları Qazaxıstan və Qırğızıstan üzərindən göndərməyə başlayıb. Bunun nəticəsidir ki, Ermənistanın bu türk ölkələrinə “ixracı” qəfildən bir neçə dəfə artıb.
Məlumatda Ermənistanın Aİİ ölkələrinə (dolayısı ilə Rusiyaya) nə ixrac etdiyi açıqlanmayıb. Ancaq bundan öncəki statistikadan bəllidir ki, Ermənistan elektronika məhsulları, ciplər, xarici avtomobillərin ehtiyat hissələri və s. ixrac edir ki, bunların heç birinin Ermənistanda istehsal olunmadığı hər kəsə bəllidir.
Avropa isə Ermənistanın Rusiyaya sanksiyaları dələrək, milyardlar qazanmasına hələ də göz yumur.
Mənbə: axar.az