Seçkiyə niyə gedirik?

Seçkiyə niyə gedirik?

 

“Prezident İlham Əliyevin dekabrın 7-si imzaladığı Sərəncama əsasən, 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkisinin keçirilməsi nəzərdə tutulub. Əslində 2025-ci ildə keçirilməsi planlaşdırılan seçkilərin bir il irəli çəkilməsi cəmiyyətdə və ictimai-siyasi sektorda sualdoğurucu fikir formalaşdırıb. İnsanlarda belə bir fikir yaranır ki, seçkilər niyə vaxtından əvvəl keçirilir”.

Bunu siyasi elmlər doktoru, keçmiş millət vəkili, professor Vaqif Abdullayev deyib.

Professor yeni seçkilərə getmənin səbəblərini açıqlayıb: “Azərbaycanın dövlət siyasətində və prezidentlərin seçki proqramlarında hər zaman ümummilli məsələlər, dövlətimizin milli maraq və mənafeyinin qorunması, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması başlıca xətt kimi ilk yerdə dayanıb. Ulu öndər Heydər Əliyev və İlham Əliyev Prezident seçilərkən ilk vəzifəsinin dövlətimizin və xalqımızın bir nömrəli müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə həsr edəcəyini bildirir, bu ali məqsəd onların seçki platformasında ən mühüm yer tuturdu, fəaliyyətlərini bu istiqamətə səfərbər edirdilər.

Prezident İlham Əliyev ötən 20 il ərzində bütün gününü, saatını məhz peşəkar ordu quruculuğuna yönəldərək Qarabağı Ermənistanın işğalından azad etməyə nail oldu. Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini bərpa etdi. Azərbaycan xalqının qürurunu bərpa etdi, başını ucaltdı.

Zəfər missiyasını başa vurduqdan sonra Prezident bölgədə yeni reallıqlar formalaşdırdı. 3 ildir ki, bölgədə ardıcıl olaraq həyata keçirilən məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin siyasi və hərbi-müdafiə qüdrətinin daha da güclənməsinə, regionun geosiyasi ladşaftının dəyişməsinə səbəb olmaqdadır. Adını dünya siyasətinə sülh və sabitlik Prezidenti kimi yazdırmış İlham Əliyev hər zaman olduğu kimi humanizm prinsipinə sadiqlik və xoş niyyət göstərərək Ermənistanla qarşılıqlı etimad mühiti yaratmağa çalışır. Erməniəsilli 32 şəxsin azad edilərək ölkəsinə təhvil verilməsi də bu etimad quruculuğunun bariz nümunəsidir”.

Vaqif Abdullayev qeyd edib ki, bölgədə və regionda baş verən geopolitik proseslər, sülh prosesi istiqamətində davamlı təşəbbüslər və sülh dialoqu yolunda Azərbaycan və Ermənistanın irəliyə doğru atdığı müsbət addımlar sülhün əldə olunması üçün tarixi fürsət yaradır:

“Bütün bu proseslər bir sıra çağırışları da aktuallaşdırır. Ona görə də baş verən bu mühüm geopolitik proseslər, yeni situasiyalar seçki reallığını da meydana çıxarıb. Həmçinin vahid və suveren Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında, kəndlərində bərabər siyasi mühitin və idarəetmənin təmin edilməsi, dövlət aparatının bərqərar olması da yeni dövlətçilik baxışlarını şərtləndirir. Bu vacib tələbatlara əsasən, ilk dəfə olaraq suveren Azərbaycan dövlətinin bütün ərazilərində - 86,6 min kv.km-lik coğrafi-inzibati torpaqlarında prezident seçkiləri keçiriləcək. Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Xankəndidə və digər azad edilmiş torpaqlarımızda seçki məntəqələri qurulacaq, seçicilər növbəti dəfə prezidentini seçəcəklər. Sözsüz ki, Xankəndi şəhərində də seçki məntəqələri yaradılacaq və bu ərazilərdə yaşayan Azərbaycan vətəndaşı olan ermənilər də seçkidə iştirak edəcəklər. Bunun özü böyük tarixi hadisə sayıla bilər”.

O bildirib ki, bunu da nəzərə almaq lazımdır ki, növbədənkənar prezident seçkiləri ölkəmizdə yeni islahatların aparılması üçün də yeni bir başlanğıc olacaq.

Mənbə: qafqazinfo.az