İran Qafqaz regionunda davamlı sülhə töhfə verməyə hazırdır.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.
O, İslam Respublikasının Ermənistan və Azərbaycan ilə əlaqələri, habelə rəsmi Tehranın Qafqazdakı gərginliyin aradan qaldırılması üçün diplomatik səylərinə toxunub:
"İran Azərbaycan və Ermənistanın qarşılıqlı fəaliyyət və əməkdaşlıq, o cümlədən hər iki tərəfdən məhbusların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır və bunu müsbət addım hesab edir".
N. Kənani əlavə edib: "Davamlı sülhə nail olmaq sülhpərvər ritorika və regional tərəflər arasında etimad mühitinin gücləndirilməsini tələb edir. Ümid edirik ki, bu tədbirlər hər iki tərəf arasında sülh və sabitliyə səbəb olacaq. İran İslam Respublikası regional sülh və təhlükəsizlik üçün hər iki ölkəyə kömək etməyə hazırdır".
Mənbə: yenisabah.az