Heydər Əliyev hər şeyi gözəl xatırlayırdı... - Onu heç kim aldada bilməzdi

Heydər Əliyev hər şeyi gözəl xatırlayırdı... - Onu heç kim aldada bilməzdi

Cari ilin 25 yanvar tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

30 il öncə – 1994-ci ildə isə Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd olunması və adının əbədiləşdirilməsi istiqamətində Ulu öndər Heydər Əliyev sərəncamlar imzalamış, Dövlət Komissiyası yaratmışdı.

Heydər Əliyevin Məhəmməd Füzulinin irsinin təbliği və adının əbədiləşdirilməsi yönündəki xidmətləri haqqında 1994-1996-ci illəri əhatə edən, maraqlı faktlara əsaslanan yazını təqdim edirik:

Ağır illər...

1994-cü ildə Məhəmməd Füzulinin doğumunun 500 illiyi tamam olurdu, amma həmin vaxt ölkəmizin iyirmi faiz ərazisi ermənilər tərəfindən işğal edilmişdi və bir sıra sahələrdə həllini gözləyən maddi problemlər, sanki insanlarda mədəni məsələlərlə bağlı müşküllərin həllini sonrakı onilliklərə saxlanılacağı fikrini yaradırdı. Belə bir dönəmdə Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin şəxsiyyəti və yaradıcılığı timsalında mədəniyyətə və mənəviyyata verdiyi dəyər unudulmazdır: “...Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi, mədəni sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik”

Cənab Prezident İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamda haqlı olaraq Füzulinin 500 illik yubileyini müstəqil Azərbaycanın ilk dünya miqyaslı mədəniyyət və sənət bayramı olduğunu və bu istiqamətdə Heydər Əliyevin xidmətlərini yada salır: “...Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur”.

Doğrusu, bu sərəncamda cənab Prezident İlham Əliyevin yubileyi “mədəniyyət və sənət bayramı” adlandırmasını oxuyanda, Ümummilli Lider Heydər Əliyevin Füzuli yubileyinə “El bayramı” deməsini xatırladım.

Müharibə...

1994-cü ildə bəziləri yersiz-yersiz deyinirdilər ki, torpaqlarımız işğal altındadır, bu qarışıq dönəmdə Məhəmməd Füzulinin yubileyinin keçirilməsi üzrə Dövlət Komissiyasının üzvləri olan, millətin düşünən beyinləri niyə tale yüklü məsələlər ətrafında yox, 500 il öncə yaşamış şairin yaradıcılığının tanıdılması haqqında baş sındırırlar, onun irsinin təbliğiylə bağlı tez-tez müzakirələrə, iclaslara toplaşırlar. Ermənilər isə o vaxtacan artıq Azərbaycanın fiziki coğrafiyasının bir hissəsini işğal etmişdilər və beynəlxalq təşkilatlar kontekstində ölkənin mənəvi ərazisinə – tarixinə, mədəniyyətinə də soxulmağa cəhd edirdilər. Heydər Əliyev uzaqgörənliyi nəticəsində xalqımızın tarixinə, mədəniyyətinə yönəlik həmin məsələlərdən, mənəvi hədələrdən kifayət qədər xəbərdar idi və ona görə də Füzuliyə sadəcə orta əsr şairi, yaxud lirik, sufi klassiki kimi yox, Azərbaycanın mənəvi ərazisi kimi yanaşırdı və onun vasitəsi ilə bizi milli kimliyimizə təhdid olan təcavüzlərdən, humanitar işğaldan qoruyurdu. Çünki o zamanlar elə dolaşıq bir əyyam idi ki, hər yerdən millətin milli kimliyinə, onun ruhuna xətər toxuna bilərdi. Heydər Əliyev məhz bu cür məsələlərə xüsusi diqqət yönəldərək xalqın mənəvi birliyinin gücünü qorumağa çalışırdı və bu barədə mövqeyini ortaya həmişəki kimi açıq şəkildə qoymaqdan çəkinmirdi: “...hamımıza məlum olan düşmən qüvvələr sübut etməyə çalışırlar ki, Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun kökü yoxdur. Şübhəsiz ki, bu, cəfəngiyyatdır. Bəzən buna heç cavab vermək istəmirsən. Lakin xalqımıza düşmən olan, qəsd etmək istəyən dairələr, qüvvələr, bəzən də millətlər respublikamızı parçalamaq, onun ərazisini qəbul etmək istəyənlər əvvəllər də çalışmışlar və indi də çalışırlar sübut etsinlər ki, guya Azərbaycan xalqı tarixi köklərə malik olan bir xalq deyildir”.

Və H.Əliyev həmçinin Füzuli yubileyinin bunca əhatəli qeyd olunmasının əsas məqsədini dilə gətirir və bu istiqamətdə çalışacaq adamlara milli-humanitar proqram təklif edirdi: “Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. Mənə belə gəlir ki, bizdən ötrü bu yubileyin ən böyük nəticəsi bundan ibarətdir”.

Sevginin başlanğıcı...

• Heydər Əliyev müstəqil Azərbaycana 10 illik prezidentlik etdiyi dönəmdə (1993-2003) Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi, yubileyin keçirilməsi ilə bağlı Dövlət Komissiyasının yaradılması, Əlyazmalar İnstitutuna Məhəmməd Füzulinin adının verilməsi, “Füzuli ensiklopediyası”nın yaradılması, Füzuli adına beynəlxalq mükafatın təsis edilməsi kimi bir-birindən vacib sərəncamlar imzalayıb.

• Məhəmməd Füzulinin ölkəmizdə eləcə də Türkiyə, Rusiyada keçirilən yubileylərində iştirak edib.

• Qüdrətli sənətkarın yubileyləri çərçivəsində keçirilən beynəlxalq simpoziumlara və konfranslara məktublar ünvanlayıb.

Ancaq bütün bunlar daha çox onun siyasi lider kimi bişkin, sabitqədəm sevgisinin göstəriciləri idi. Bəs Füzuli sözünə olan özül məhəbbət, ilk sevgi, dahi şairin bədii hikmətlərinin sehrinə məftunluq Heydər Əliyevin könlündə haçandan özünə yer eləmişdi? Bu barədə onun öz dilindən səslənən fikirlər hər cür şərhdən daha artıq məna ehtiva edir: “Füzuli başqa ölkələrdə də məşhurdur. Lakin onu azərbaycanlılar qədər özününkü sayan yoxdur. Məsələn, xatirimdədir, 30-cu illərin ortalarında mən orta məktəbdə oxuyarkən Füzuli ilə bağlı tədbirlər keçirilir, Füzuli təbliğ olunurdu. Yaxud həyatımla bağlı bir şeyi qeyd etmək istəyirəm. Gənclikdə rəssamlığa böyük həvəsim var idi. Mənim çəkdiyim ilk rəsmlərdən biri Füzulinin portreti olmuşdur. Təxminən 1936-37-ci illərdə məktəbimizdə şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil etmişdilər. O vaxtlar belə şeylərə çox fikir verirdilər. Mənim çəkdiyim portret müsabiqədə birinci yer tutmuşdu. Əlbəttə, mən onu rəssamlıq əsəri adlandırmaq fikrində deyiləm, o, sadəcə olaraq, rəssamlığa həvəs göstərən gəncin çəkdiyi şəkil idi. Bununla demək istəyirəm ki, Füzuli Azərbaycanda təkcə bu gün deyil, hələ 50- 60 il bundan əvvəl də təbliğ olunurdu. Lakin Füzulini tanıyan başqa ölkələrdə onu o qədər də təbliğ etmirlər”.

Yol həmin yoldur...

Heydər Əliyevin Füzuli irsinin dünyada təbliğiylə bağlı o dövrün reallığının nəzərindən baxanda təklif etdiyi həll yolları bu gün də eyni dərəcədə işə yarayır. O fikirlərin səslənməsindən 30 il keçib, fəqət həmin məsələlər xüsusunda irəli sürdüyü tezislər yenə də aktual olaraq qalır. Əfsus ki, Füzuli irsinini araşdıranlar, təbliğ edənlər hələ də həmin problemləri aradan qaldıra bilməyiblər. Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi münasibəti ilə yaratdığı Dövlət Komissiyasında dahi ədibin irsinin tanıdılması üçün etdiyi iki təklif xüsusən gərəkli idi:

1. “Füzulini ölkəmizdə, xüsusən xaricdə yaxından tanıtmaq üçün onun haqqında populyar bir kitab olmalıdır. Elə bir kitab ki, onu oxuyan hər kəs Füzulini tezliklə tanıya bilsin. Tədqiqat əsərlərini alimlər, Füzulinin yaradıcılığı ilə maraqlananlar oxuyurlar. Amma Füzulini hamı tanımalıdır”.

2. “Avropa ölkələrinə gəldikdə isə, həm bilavasitə onların mədəniyyət orqanlarının xətti ilə, həm də orada yaşayan azərbaycanlıların, türklərin müxtəlif ictimai təşkilatları vasitəsilə tədbirlər keçirilməlidir. Şübhəsiz ki, bundan ötrü müəyyən vəsait lazım olacaqdır. Lakin vəziyyətimiz çətin olsa da, biz bunu etməliyik və edəcəyik”.

Ustadı şagirdin ayağına verməmək

Füzulinin yubileyin keçirilməsi üçün yaradılan Dövlət Komissiyanın iclasında ölməz sənətkarın yaradıcılığı, ədəbi irsi ilə bağlı ciddi məsələlərin həllinin müzakirəsini bir kənara qoyaraq ziyalılardan bəziləri “xala xətrin qalmasın” məzmununda təkliflər irəli sürürdülər. Bəziləri təklif edirdi ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə Məhəmməd Füzulinin adına verilsin.

Onlar bu təklifi səsləndirəndə unudurdular ki, Nizami Gəncəvi Məhəmməd Füzulinin ustadı olub, heç rəva idimi ki, ustadın adına olan mənəviyyat evindən onun adı çıxarılıb Füzulinin adına verilə?! Ustadı “adından məhrum etmək”lə Füzulinin ruhu şad olardımı? Ona görə bu yersiz təklifə Heydər Əliyev lazımı reaksiyanı göstərir və beləcə hər iki dahinin ruhunun incidilməsinə yol vermir: “Mən bir məsələni dəqiqləşdirmək istəyirəm. Siz deyirsiniz ki, Nizami muzeyinin, bizim tarixi abidəmiz olan muzeyin adını dəyişdirib Füzuli muzeyi edək? O, bizim həyatımıza Nizami muzeyi kimi daxil olub. İndi o, Nizami adına muzeydir, eləmi? Həmin muzeyi, oradakı heykəllər, gözəl bəzəklər, naxışlar ilə birlikdə 1948-ci ildə yaratdılar. Mən o vaxtdan da o muzeyi Nizami muzeyi hesab edirəm...”

Çağdaşları unutmadan...

Heydər Əliyev bütün hakimiyyət dönəmində ədəbi klassiklərə lazımınca qiymət verirdi, amma bütün bunları çağdaşlarını, gününün qələm əhlini unudaraq, onları gözardı edərək həyata keçirmirdi, yaradıcı insanları hər zaman dəyərləndirməyi bacarırdı. O yaxşı bilirdi ki, klassiklərin ruhunu şad eləməyin ən kəsə və sınanmış yolu onun davamçılarının, yenilənən yaradıcı nəsillərin təəssübünü çəkməkdədir. Ona görə də Füzulinin yubileyinin təşkil olunması üçün yaradılan Dövlət Komissiyasının iclasının açılışında deyirdi: “Müzakirəyə başlamamışdan əvvəl bildirmək istəyirəm ki, Məhəmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının üzvü, böyük şairimiz, professor Xəlil Rza və böyük alim, professor Rüstəm Əliyev vəfat etmişlər. Ona görə də mən istərdim ki, işə başlamamışdan əvvəl Azərbaycan mədəniyyətinin və elminin bu iki dəyərli xadimlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

H.Əliyev klassiklərin yubileyləri ilə bağlı problemləri çözməyə çalışanda, yaxud hansısa dahinin, görkəmli insanın irsinin təbliği yönündə işlər görəndə də heç vəchlə müasirlərinin çətinliklərini, ədəbi mühitin o zamanki ağır durumunu ikinci plana keçirmirdi: “İndi biz keçid dövründəyik. Məni də çox narahat edir ki, ziyalılarımızın, mədəniyyət və incəsənət xadimlərimizin bir çoxu, bəlkə də, hamısı ağır şəraitdə yaşayır. Bu, onların yaradıcılığına da təsir göstərir. Hər halda, bu sahədə müəyyən işlər görməyə çalışacağıq. Mən hələlik qəti söz verə bilmirəm. Çünki bilirsiniz ki, indi Azərbaycanda 70-ci illərdə olan imkanlar yoxdur. O zaman heç bir minnətsiz hər şey edirdik və bunu təbii hal sayırdıq. Yazıçıya, alimə, bəstəkara, rəssama mənəvi hörmət indi də var. Şəxsən məndə onlara qarşı belə hörmət həmişə olmuşdur və ömrümün axırınadək də qalacaqdır. Ancaq bunu maddi baxımdan reallaşdırmaq imkanları çox azdır. Bununla belə, biz yaradıcı adamlarımıza kömək etməliyik”.

Füzulinin qəbrinin Azərbaycana gətirilməsi

Heydər Əliyev dahi Məhəmməd Füzulinin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi, yaxud da İraqda görkəmli söz sərrafının məqbərəsinin bərpa edilməsi ilə bağlı niyyətləri olmuşdu və bu yöndə əməli addımlar atmışdı. Amma bəzi ziyalılar, qələm adamları onun bu fədakar əməyinə lazımınca dəstək göstərməmiş, çox zaman suyu üfləyə-üfləyə içməyi təşəbbüskarlıqdan üstün tutmuşdular. Və Heydər Əliyevin heyrətamiz yaddaşı uzun illər öncə olanları unutmamışdı, hər şeyi yerli-yataqlı xatırlayırdı və ötənlərə qayıdaraq, əslində, sözünü çağdaşlarına çatırırdı: “Hələ 70-ci illərdə Füzulinin qəbrinin Bakıya köçürülməsi məsələsi çox geniş müzakirə edilirdi. Mən də bu məsələ ilə məşğul olurdum. Xatirimdədir, 1981-ci ildə Yazıçılar İttifaqının qurultayında bu məsələ qaldırılanda mən tanınmış yazıçılarımıza, Allah onlara rəhmət eləsin, narazılığımı bildirərək dedim ki, siz məsələni ortaya atır, lakin təşəbbüs göstərmirsiniz. Məsələ qaldırmaq yaxşı şeydir, lakin fəaliyyət göstərmirsiniz. O zaman mən bu məsələni rəhmətlik Mirzə İbrahimova tapşırdım. Bilirsiniz ki, Mirzə İbrahimov mənim təşəbbüsümlə Moskvada Asiya və Afrika Xalqları Həmrəyliyi Komitəsinin sədri seçilmişdi. Həmin komitəyə uzun illər Mirzo Tursunzadə başçılıq etmişdi. Onun vəfatından sonra bu vəzifəyə çoxlu namizəd, o cümlədən dünya miqyasında tanınan adamların namizədliyi göstərilmişdi. Şübhəsiz ki, həmin məsələ Sov.İKP MK-da həll olunurdu. Mən öz nüfuzumdan istifadə edərək Mirzə İbrahimovun namizədliyini irəli sürdüm və təklifim qəbul edildi. Həmin komitə, əsasən, ərəb ölkələrində iş aparırdı. Dünya miqyasında isə mərkəz Misirdə – Qahirədə idi. Mən o zaman Mirzə İbrahimova dedim ki, sənin böyük səlahiyyətin var, Suriyaya, Misirə, İraqa tez-tez gedirsən. Bu imkandan istifadə edin və biz də sizə kömək göstərək. Hətta o zaman Mirzə İbrahimova, Süleyman Rüstəmə, Abbas Zamanova tapşırdım ki, İraqın Bakıdakı konsulluğu ilə əlaqə yaratsınlar. Həmin dövrdə İraqla İran arasında müharibə gedirdi, vəziyyət gərgin idi. O zaman belə bir məlumat aldıq ki, Kərbəlanın baş planına əsasən yol çəkilir və həmin yol Füzulinin qəbri olan yerdən getdiyinə görə, guya şairin cənazəsinin qalıqlarını hansısa məscidə aparmışlar. Adətən, belə hallarda qəbri başqa yerə köçürürlər. Lakin həmin məlumat məni çox narahat etdi, çünki bu, Füzuliyə qarşı çox böyük hörmətsizlik olardı. Şübhəsiz ki, bu halda onun cənazəsinin qalıqlarını Bakıya gətirib ən görkəmli yerdə dəfn edərək şairin məqbərəsini yaratmağa mənəvi haqqımız olardı. Lakin bilirsiniz ki, bundan bir il sonra mən Azərbaycandan getdim”.

Sözünü deyə bilmək cəsarəti...

Zənnimcə, Heydər Əliyev Mirzə İbrahimovla bağlı yuxarıdakı hadisəni ona görə xüsusi qeyd edir ki, bizim bəzi ziyalılar əksərən çox problemin həllini dövlətdən gözləyirlər, daim yuxarıdakıların ağzına baxaraq hərəkət edirlər, öz şəxsi fikirləri, müstəqil addımlarıolmur. Əgər bu gün Füzulinin məzarı hələ də acınacaqlı haldadırsa, bunun baiskarı dövlətdən əvvəl, ilk növbədə, ağzına su alıb oturan, milləti, aidiyyatlı qurumları səfərbər etməyən durğunruhlu, mənəvən heysiz ziyalılardadır. Bu baxımdan Heydər Əliyev mənəvi məsələlərdə şairləri daim səfərbər olmağa çağırırdı: “Bu işlərdə siz patriotizm hisslərinizi axıra çatdırmağa nail ola bilmirsiniz. Bu ümumi işlərdə siz istədiyiniz qədər ürəkdən çalışmalısınız. Danışmağa böyük ustalığınız vardır. Hətta Bəxtiyar Vahabzadə məclislərdə oturub Azərbaycan xalqının həyatı haqqında danışır. Bu işlərdə çalışmağı yoxdur. Bu barədə başqa qardaş respublikalardan dərs almaq, öyrənmək lazımdır. Yenə deyirəm, əgər bizim mədəniyyətimiz, tariximiz üçün siz belə hərəkətlər edərək müəyyən qədər cızığınızdan çıxsanız, qorxmayın... bizim respublikamızda heç vaxt, heç kimdən sizə xəta toxunmaz. Çünki bu, xalq mədəniyyəti üçündür. Bizim respublikamız üçündür”.

Heydər Əliyevin eyni mövzuda başqa bir xatirəsi də heyrət doğurur və heykəlin üstünə ad yazmağı da Heydər Əliyevin işi sananlara haqlı olaraq irad bildirirdi: “Cəfər Cabbarlının abidəsini mən qoydum getdim. Xatirinizdədirmi, o abidəni 1981-ci ildə qoyduq. Mən 1982-ci ildə buradan getdim. Amma siz hamınız burada idiniz, o cümlədən sənin (Nəbi Xəzriyə müraciətlə) də hər bir səlahiyyətin var idi. Ad yazmaq bir şey deyildir, yazılmamışdı – yazaydınız. Əlbəttə, o abidəni qurmaq, yaratmaq çox çətin idi. Düzgün deyirsən, abidənin müəllifi Mirələsgər Mirqasımov tələb edirdi ki, bu abidə bütöv qranitdən olsun. O vaxt bu işi aparanların bir çoxu deyirdi ki, o mümkün deyil. Bu mübahisə iki il davam etdi. Nəhayət, o, bir-iki dəfə mənim yanımda oldu, görüşdük. Baxdım ki, müəllifin təklifi elədir ki, bunu etmək lazımdır. Doğrudur, çətin idi, amma o, belə bir əsər yaradıbsa, müəllifin yaratdığını olduğu kimi icra etmək lazımdır. Doğru deyirsiniz, mən bu işə qarışdım. Qraniti Ukraynadan çox çətinliklə gətirdik, bu abidəni qurduq, yaratdıq”.

Dəbgirlərə, fürsətkeşlərə ismarış...

Füzulinin yubileyinin keçirilməsi üçün təşkil olunan Dövlət Komissiyasının iclaslarının birində Heydər Əliyev çıxış edərkən komissiya üzvlərinə çox əhəmiyyətli bir xəbərdarlıq edirdi. O, bilirdi ki, dahi şairlə bağlı sadəcə yubiley çərçivəsində bəzi canımyandılıq edənlər, özünü müvəqqəti ortalığa atıb sonra gözdən itənlər – “mövsümi füzulişünaslar” meydana atılacaqlar. Belələri hər situasiyada boşqabı öz qarşılarına çəkməyə çalışırlar. Amma pak ruhlu Füzuli məsələsində bu cür fürsətkeşlik yolverilməzdir. Ona görə də Heydər Əliyevin ədiblərin yubiley ilində canfəşanlıq edən “hərşeyşünaslara” ünvanlı sətiraltı mənalı tapşırığı da diqqət doğurur: “Bəzən belə olur, yubileyə qədər çox iş görülür, nitqlər söylənilir, təntənələr başa çatır, sonra isə hər şey soyuyur. Əlbəttə, bunun özü də müəyyən qədər təbiidir. Lakin gərək biz belə etməyək”.

Xəbərdarlıq

Belə həssas dönəmlərdə görülən işlərdən də karlı çıxmaq istəyən, ciblərinə düşkün adamların Füzuli yubileyə ayrılan vəsaitlərə əyri nəzərlərlə baxmaları ehtimalı təəssüf ki, vardı. O zamanlar milli valyutamızın sabitliyi, xarici valyuta önündə dayanıqlılığı zəif idi və bəziləri “beş manat çox qazanmaq” iştahası ilə hər yola əl ata bilərdilər, özlərini mənəviyyat adamı kimi göstərənlərin çoxunun onsuz da sözləri ilə əməlləri bir-birini tutmurdu. Bu məqamda da böyük təcrübə sahibi olan Heydər Əliyev hansısa naqis əməllərə göz dikənləri xəbərdar edirdi: “...yubileyin keçirilməsi üçün smeta hazırlasınlar. Orada, necə deyərlər, maksimum, orta və minimum xərclər nəzərdə tutulsun. Nə qədər milli valyuta və nə qədər dönərli valyuta lazım olduğunu müəyyənləşdirək. Bəzən xarici valyuta ilə müəyyən şeylər alanda, təəssüf ki, kimlərsə bundan özləri üçün istifadə edir. Lakin güman edirəm ki, belə bir işdə bundan istifadə etmək ən böyük günah olardı”.

Məhəmməd Füzuli və Qarabağ problemi

Nəzərə alaq ki, həmin illərdə Məhəmməd Füzulinin yubileyinin böyük miqyasda keçirilməsi, dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən, Türkiyədə Bilkənd Universiteti şəhərciyində, Türkiyə Böyük Millət Məclisində yaxud da, Moskvada Sütunlu Sarayda qeyd olunması, yaxud da Azərbaycanda dünya ölkələrindən çoxsaylı qonaqların iştirakı ilə təşkili sadəcə ədəbiyyat, mədəniyyət hadisəsi deyildi. Bütün o tribunlar bizə ermənilərin törətdikləri vəhşilikləri, Qarabağın işğalı faktını, yaxud da çadırlarda qalmış, minbir müsibətə tablayan qaçqın-köçkünlərimizin dərdlərini dilə gətirmək üçün əlavə imkan demək idi.

Yaradıcı həyatı siyasi burulğanların içərisində keçən Məhəmməd Füzuli doğuluşundan 500 il sonra da siyasətin içərisində idi, həm öz məzarını İraq biganələrindən qorumaq üçün, həm də Azərbaycanın torpaqlarının azad olunması həqiqətlərini dilə gətirməyə fürsət yaratmaq üçün.

Bu gün Qarabağ hürdür, artıq dədə-baba torpaqlarımız Ali Baş Komandan və şəhid-qazilərin, o cümlədən xalq birliyinin gücü sayəsində azad olunub. Cənab prezident necə ki, Şuşanı azad edərək müqəddəs ata vəsiyyətini yerinə yetirdi, eləcə də Heydər Əliyevin böyük önəm verdiyi Füzulinin 530 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamaqla növbəti dəfə ata nəsihətini – ədəbi klassiklərin ruhuna diqqət və ehtiram göstərərək yerinə yetirdi.

Artıq Azərbaycan arzuladığı günlərdən ucadır. Bu günlərin yetişməsi ilə bağlı çox şey isə nağılını etdiyim, hekayətini danışdığım o “uzaq günlər”dən – 1994-1996-ci illərdə keçirilmiş Füzuli yubileylərindən başlamışdı...

Fərid Hüseyn, xüsusi olaraq “Qafqazinfo” üçün

Mənbə: qafqazinfo.az