“Arbitraj institutunun uğurlu olması üçün yerli məhkəmələr dəstək verəcək”

“Arbitraj institutunun uğurlu olması üçün yerli məhkəmələr dəstək verəcək”

“Beynəlxalq təcrübə göstərir ki, müstəqil məhkəmə sistemi həmçinin ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafı və böyük bizneslərin formalaşmasında önəmli rola malikdir”.

Bunu Bakıda keçirilən “Azərbaycan Arbitraj Günləri”adlı tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov deyib.

İ. Kərimovun sözlərinə görə, məhkəmə-hüquq islahatları həmişə dövlətin diqqət mərkəzində olub. 2019-cu ildə Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə isə ölkəmizdə məhkəmə-hüquq sistemində böyük həcmli islahatlar başlayıb:

“Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmə islahatlarının mərkəzində yer alan aparıcı qüvvə kimi digər dövlət orqanları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübəni öyrənib və təhlil edib. Nəticədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə hakimiyyətinin institusional potensialının gücləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bir çox normativ hüquqi aktlar qəbul olunub. Təbii ki, bütün bunlar ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi, hüquq və azadlıqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərməkdədir.

Onu da qeyd edim ki, bu islahatlar ölkənin məhkəmə sistemi ilə məhdudlaşmır, daha geniş sahələri əhatə edir. Baxmayaraq ki, mübahisələrin alternativ həlli institutları ölkəmizdə yeni deyil, ancaq aparılan son islahatlar bu institutların inkişafına önəmli təkan verib”.

Sədr çıxışında ötən il Azərbaycanda “Arbitraj haqqında" Qanunun qəbul edilməsi ilə arbitraj institutunun inkişafı istiqamətində irəliyə doğru addım atıldığını bildirib.

O əminliklə deyib ki, mübahisələrin alternativ həlli sahəsində aparılan hərtərəfli islahatlar ölkəmizdə güclü və etibarlı arbitraj institutunun yaradılmasına önəmli töhfə verəcək, hətta bəlkə də bu institut bütün region üçün nümunə olacaq:

“Yeni Qanun Beynəlxalq Kommersiya Arbitrajı haqqında BMT-nin Model Qanunu əsasında hazırlanıb. Bu isə o deməkdir ki, burada sınaqdan keçmiş işlək beynəlxalq təcrübə nəzərə alınıb. Bununla da ölkəmizdə ilk dəfə olaraq qanunvericiliklə həm beynəlxalq, həm də daxili arbitrajın həyata keçirilməsi ilə bağlı münasibətlər tənzimlənəcək. Bundan başqa, qanun həmçinin arbitrajın yaradılması və tənzimlənməsi ilə bağlı mühüm aspektləri əhatə edir və nəticədə mübahisələrin alternativ həlli sahəsində, xüsusən də biznes dairələri üçün yeni imkanlar açır.

Yerli məhkəmələr olaraq, arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının, eyni zamanda arbitraj qərarlarının tanınması və icra edilməsi kimi qanunvericiliklə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə davam edəcəyik. Bu baxımdan Azərbaycanda arbitraj institutunun uğurlu olması üçün yerli məhkəmələr bütün lazımi dəstəyi verəcək. Yeni arbitraj institutu nəinki məhkəmə sisteminin iş yükünü azaldılmasına, həm də sahibkarlara mübahisələrin həlli istiqamətində ən uyğun məkanı seçmək imkanları da yaradacaq”,-sədr çıxışını yekunlaşdırıb.

Sail Ağasəlim


Mənbə: qafqazinfo.az