Ukrayna müharibə üçün vəsaiti haradan əldə edə bilər və bu nə qədər bəs edəcək? - "Reuters"

Ukrayna müharibə üçün vəsaiti haradan əldə edə bilər və bu nə qədər bəs edəcək? -

Ukrayna ABŞ-dan 61 milyard dollar dəyərində mühüm maliyyə yardımı alıb, lakin Rusiyanın hücumuna qarşı çıxmaq üçün hələ də orta müddətli maliyyə planına ehtiyacı var və Rusiyanın dondurulmuş aktivlərinə toxunmaq bu planın əsasını təşkil etməlidir .

Qaynarinfo xəbər erir ki, bu barədə "Reuters" yazır.

Nəşr qeyd edir ki, digər ölkələrin öhdəlikləri ilə birlikdə ABŞ-ın son yardım paketi Kiyevi təxminən gələn ilin sonuna qədər təmin etməlidir. Amma 2025-ci ilin sonunda Ukraynanın yenidən silahı tükənə bilər.

"Çoxillik maliyyələşdirmə planı, əksinə, bir sıra üstünlüklərə malik olardı. İlk növbədə, bu, ABŞ-ın siyasi dalğalanmalarından müəyyən sığorta təmin edərdi. Bundan əlavə, bu, ukraynalıların ruh halını yüksəldər və Qərb silah istehsalçılarına istehsalın artırılmasına daha çox inam verərdi", - nəşr qeyd edir.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Ukraynanın daha uzun illər tab gətirə biləcəyinə qərar verərsə, onun hesablamaları da dəyişə bilər.

"Reuters" hesab edir ki, Ukrayna çoxlu əraziləri geri ala bilməyəcək, lakin o, daha güclü mövqedən sülh danışıqlarını apara bilər - Şimali və Cənubi Koreya kimi münaqişəni dondura bilər:

"Gələcəkdə Kiyevin nə qədər ehtiyacı olacağı onun hansı müharibə aparmasından asılıdır. Müdafiə kampaniyası Rusiyanı böyük ərazilərdən qovmaq cəhdindən daha ucuz başa gələcək. Lakin Kremlin hərbi xərclərini artırması ilə Ukraynanın gələcəkdə ən azı 2023-cü il üçün müttəfiqlərinin öhdəsinə götürdüyü 88 milyard avroya ehtiyacı olacaq”.

Nəşr qeyd edir ki, Ukraynanın daha çox pul əldə etməsinin əsas yolu Rusiyanın Qərbdə dondurulmuş 300 milyard dollardan çox aktivlərini səfərbər etməkdir. İdeyalara aktivlərin müsadirə edilməsi, onlardan Qərb ölkələrinin Ukraynaya verəcəyi kreditləri dəstəkləmək üçün istifadə edilməsi və ya əldə etdikləri faizlərin Kiyevə köçürülməsi daxildir.

Belə ki, Qərb ölkələri aktivlər üzrə faiz ödənişlərinə on il zəmanət versəydilər, 30-40 milyard avro toplaya bilərdilər. Ancaq bu kömək etsə də, vəziyyəti dəyişməyəcək, çünki Ukraynanı altı aydan az müddətə maliyyələşdirməyə imkan verəcək:

"Lakin Kiyev üçün 320 milyard dollar əldə etmək tamam başqa məsələdir. Bu, ən azı 2028-ci ilin sonuna qədər müharibəni maliyyələşdirəcək. Əgər müharibə edən tərəflər ona qədər münaqişəni dayandırsa və ya dondursa, Ukrayna pulun bir hissəsindən iqtisadiyyatını bərpa etmək üçün istifadə edə biləcək. Dünya Bankının hesablamalarına görə, onun iqtisadiyyatını bərpa etmək 486 milyard dollara başa gələcək”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq, Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyanın Qərbdəki 300 milyard dollara yaxın aktivlərini bloklayıb, baxmayaraq ki, onların əksəriyyəti Amerika maliyyə institutlarında deyil, Avropada saxlanılır.

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın Ukraynadakı aktivlərinin müsadirə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Məlumdur ki, bu prosedura əsasən 8 milyard dollara yaxın vəsait əldə oluna bilər.

Alpər

Mənbə: qaynarinfo.az