Sülh sazişi ya Tiflis, ya da Astanada imzalanacaq - Politoloq

Sülh sazişi ya Tiflis, ya da Astanada imzalanacaq -

“Artıq Ermənistanla ikitərəfli dialoq nəticə verməyə başlayıb. Onun nəzarətində olan 8 kənddən 4-ü, yəni anklav olmayan yaşayış məntəqləri təhvil verildi və sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı. Beləliklə, son gəlişmələr çərçivə sazişinin imzalanmasını sürətləndirə bilər. Bu günlərdə Prezident İlham Əliyev noyabradək sülh müqaviləsinin imzalana biləcəyi mesajını verdi. Noyabradək çərçivə sazişi imzalansa, müsbət anlamda bölgəyə münasibət bir qədər də dəyişəcək”.

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, çərçivə sazişinin imzalanması üçün elə də böyük maneə qalmayıb. Ermənistan hökuməti artıq Qarabağa əsassız iddiadan da imtina edib:

“Çərçivə sazişi imzalansa belə, Ermənistan Konstitusiyasında ərazi iddiaları qalsa, gərginlik də qalacaq. Əgər Ermənistan sülh istəyirsə, iki böyük qonşusuna ərazi iddialarını əks etdirən konstitusiyanı dəyişməlidir. Bu da olsa, bölgədə inam atmosferinin yaradılması və dayanıqlı sülh üçün daha bir fürsət pəncərəsi açılacaq. Tərəflər sülhə çox yaxınlaşarlarsa, çərçivə sazişinin imzalanması perspektivi artarsa, bu sənədin imzalanması üçün iki məkanın adını çəkmək olar - Tiflis və Astana”.

Politoloq qeyd edib ki, sülh müqaviləsi imzalanarsa, Azərbaycan Ermənistanla əməkdaşlığa dair təkliflər irəli sürəcək:

"Təkliflərdən biri o ola bilər ki, gələcəkdə Ermənistana qaz satılsın. Bu, mümkündür".

Sevinc

Mənbə: www.bakupost.az