11 iyul “Srebrenitsa Soyqırımını Anma Günü” elan edildi

11 iyul “Srebrenitsa Soyqırımını Anma Günü” elan edildi

BMT Baş Assambleyası 11 iyulun “Srebrenitsa Soyqırımını Anma Günü” elan edilməsini tələb edən qətnamə qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Qeyd olunub ki, Srebrenitsa soyqırımı ilə bağlı qətnamə layihəsi BMT Baş Assambleyasında müzakirəyə çıxarılıb.

Qətnamə layihəsi daha əvvəl Almaniya və Ruanda tərəfindən BMT-nin gündəminə gətirilib və Srebrenitsa qətliamının qurbanlarının anım gününün qeyd edilməsi istənib.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb.

Mənbə: qafqazinfo.az