Xankəndidə konsulluq açmaq istəyən Rusiyanın gerçək niyyəti.. - Rusiyali analitik

Xankəndidə konsulluq açmaq istəyən Rusiyanın gerçək niyyəti.. -

Rusiyanın Xankəndidə konsulluq açmaqla bağlı əsassız istəyi Ermənistan mediasında yenidən gündəmə gətirilib. Buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın mətbuat konfransında bu haqda suala cavab verməməsidir. Ermənistan mediası rusiyalı ekspertlərdən Moskvanın Xankəndidə konsulluq açmaq istəyinin səbəblərini soruşub.

Rusiyalı analitik Vladimir Yevseyev Rusiya Xarici İşlər Nazirliyində Cənubi Qafqazla bağlı məsləhətləşmələr keçirildiyini qeyd edib.

Əlavə edib ki, Xankəndidə konsulluğun açılmasının səbəblərindən biri Azərbaycanda Rusiya vətəndaşlarına xidmətin göstərilməsi ilə bağlı ola bilər. Hərçənd, Yevseyevin bu iddiası absurd görünür, çünki Rusiyanın Azərbaycandakı vətəndaşlarına xidmət göstərən konsulluğu fəaliyyət göstərir, o cümlədən, Xankəndi də daxil olmaqla azad edilmiş ərazilərdə yaşayış tam təmin olunmadığı təqdirdə, belə bir əsasla konsulluq açmaq niyyətin başqa olduğunu göstərir.

Yevseyev də təsdiq edir ki, burada əsas məqsəd geosiyasi hadisələrdən qaynaqlanır.

“Türkiyə də Qarabağda konsulluq açmaq istəyir, görünür, Rusiya da orada təmsil olunmaqla bölgədə siyasi şərtləri tarazlaşdırmaq niyyətindədir. Belə demək mümkünsə, Rusiya bölgədəki hərbi mövcudluğunu diplomatik mövcudluqla əvəz edərək, hadisələrin mümkün inkişafına öncədən hazırlaşır. Lakin əminəm ki, Azərbaycan buna asanlıqla razı olmayacaq”, - rusiyalı analitik bildirib.

Asif

Mənbə: publika.az