ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasına ilk prezidentlik dövründə artıq onunla işləmiş keçmiş məmurlar daxil ola bilər.
Bu barədə mənbələrə istinadən CBS News məlumat yayıb.
Məlumatda qeyd edilir ki, keçmiş dövlət katibi və MKİ-nin keçmiş rəhbəri Mayk Pompeo Pentaqonun yeni rəhbəri ola bilər.
Dövlət Departamentinə Tramp dövründə ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsində çalışmış respublikaçı senator Bill Hagerti rəhbərlik edə bilər.
Öz növbəsində Milli Kəşfiyyatın keçmiş direktoru Con Ratkliff MKİ-nin rəhbəri ola bilər.
ABŞ Xəzinədarlığının rəhbəri vəzifəsinə namizədlər arasında Tramp administrasiyasında ticarət nümayəndəsi vəzifəsində çalışmış Robert Laythayzer və hedcinq fondunun təsisçisi Scott Bessent də var.
Eyni zamanda, ABŞ prezidentliyinə keçmiş namizəd, yarışı tərk edərək Trampı dəstəkləyən kiçik Robert Kennedi Səhiyyə Nazirliyinə rəhbərlik edə bilər.
Axios portalının mənbələrə istinadən yazdığına görə, Tramp ilk dövründən fərqli olaraq gələcək administrasiyaya lazımi təcrübəyə malik və eyni zamanda onun “Amerikanı yenidən möhtəşəm et” (MAGA) hərəkatına sadiq olan namizədləri işə cəlb edir.
Beləliklə, o, seçki kampaniyasının həmsədri Syuzan Uaylsı Ağ Evin aparat rəhbəri təyin edib. Bu, Amerika administrasiyasında bu əsas vəzifəyə seçilən ilk qadındır.
Mənbə: www.musavat.com