Azərbaycan iki böyük təşkilatla yaxınlaşır – Ölkəmiz nələr qazanacaq?

Azərbaycan iki böyük təşkilatla yaxınlaşır –

​Azərbaycanın beynəlxalq diplomatiyasının yeni mərhələsi ölkəmizin qlobal güc mərkəzləri ilə münasibətlərini daha da dərinləşdirərək, strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır. Prezident İlham Əliyevin Çinə rəsmi səfəri və Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulmasına dair imzalanan birgə bəyannamə bu istiqamətdə atılan mühüm addımlardır. Bunlar Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS ilə əməkdaşlığını daha da möhkəmləndirmək və beynəlxalq arenada mövqeyini gücləndirmək məqsədini daşıyır.​

ŞƏT çərçivəsində Azərbaycanın hüquqi statusunun yüksəldilməsi və BRİKS əməkdaşlığında ölkəmizin iştirakının alqışlanması Azərbaycanın bu təşkilatlarda daha fəal rol oynamağa hazır olduğunu göstərir.

Deputat Elçin Mirzəbəyli deyib ki, Çin, ŞƏT və BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) hazırda qlobal iqtisadiyyatın əsas dayaqlarındandır:

“Çin dünyanın ən böyük ÜDM-inə (alıcılıq qabiliyyəti pariteti ilə ölçüldükdə) sahibdir və texnologiya, sənaye, enerji sahələrində dominant gücdür. ŞƏT ölkələri (Çin, Rusiya, Hindistan, Pakistan, Mərkəzi Asiya dövlətləri və digərləri) dünya qaz ehtiyatlarının 40%-dən çoxuna, neft ehtiyatlarının isə 20%-dən artığına malikdir. BRİKS ölkələri qlobal ÜDM-in təxminən 30%-ni formalaşdırır və əhəmiyyətli təbii resurslara (neft, qaz, kənd təsərrüfatı məhsulları, nadir metallar) sahibdir.

Bu təşkilatların gələcək iqtisadi perspektivləri sürətli urbanizasiya, texnoloji inkişaf, ticarət əlaqələrinin genişlənməsi və enerji keçid prosesləri (yaşıl enerji və innovasiyalar) üzərində qurulub. Eyni zamanda BRİKS-in öz valyuta sistemini inkişaf etdirməsi və ŞƏT-in ticarət əlaqələrində dollardan asılılığın azaldılması istiqamətində addımları, alternativ qlobal iqtisadi arxitektura qurmaq səylərini artırır”.

Ekspert deyib ki, Azərbaycan üçün ŞƏT və BRİKS çərçivəsində əməkdaşlıq bir neçə istiqamətdə strateji üstünlüklər yaradır:

“Azərbaycanın iri bazarlara çıxış imkanları artır, yeni bazarlara çıxışı asanlaşır.

ŞƏT və BRİKS Azərbaycan üçün alternativ platformalar yaradır.

Çin və digər tərəfdaşlar Orta Dəhliz layihəsi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində daha çox sərmayə yatırmağa maraqlıdırlar.

Azərbaycanda alternativ enerji layihələri üçün Çin şirkətləri və BRİKS fondları potensial investor rolunu oynaya bilər.

Çinlə əlaqələrin inkişafı, ŞƏT və BRİKS çərçivəsində əməkdaşlıq Azərbaycana bir sıra sahələrdə yeni imkanlar aça bilər.

Çin texnologiya bazarları Azərbaycanın IT sahəsində startup ekosisteminin genişlənməsi üçün investisiya və əməkdaşlıq imkanları təklif edir.

Qeyd olunan istiqamətlərdə əməkdaşlıq çərçivəsində Azərbaycana turist axını arta bilər, xüsusilə də ŞƏT çərçivəsində viza prosedurlarının sadələşdirilməsi bu prosesi sürətləndirə bilər.

Azərbaycanın Orta Dəhliz layihəsində rolu əməkdaşlıq sayəsində ciddi şəkildə güclənə bilər. Çin və digər ŞƏT ölkələri Transxəzər dəhlizindən Avropaya malların daşınmasında Azərbaycanı əsas tranzit ölkə kimi istifadə edirlər. Bu isə dəhliz vasitəsilə daşınan yük həcmini artırır”.

Elcin mirz%C9%99b%C9%99yli

Elçin Mirzəbəyli hesab edir ki, Bakı Limanı, Ələt Azad İqtisadi Zonasına Çin və ŞƏT ölkələrindən investisiya axını artacaq, bu da Azərbaycanın logistika və nəqliyyat xidmətlərinin modernləşməsinə səbəb olacaq:

“Azərbaycan dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatını birləşdirən bir qovşağa çevrilə bilər. Çin və BRİKS-in bu multimodal sistemə texnologiya və kapital yatırması ehtimalı yüksəkdir.

Çin şirkətləri ilə rəqəmsal nəqliyyat, yük idarəetmə sistemlərinin inkişafı sahəsində əməkdaşlıq Azərbaycanın nəqliyyat sektorunun rəqəmsallaşmasını sürətləndirə bilər.

Çin, ŞƏT və BRİKS-lə əməkdaşlıq Azərbaycana həm siyasi, həm də iqtisadi cəhətdən şaxələnmə imkanı yaradır. Xüsusilə qeyri-neft sektorunda ixracın artması, innovasiya və texnologiya sahələrinin inkişafı, nəqliyyat və logistika qovşağı rolunun möhkəmləndirilməsi ölkənin strateji inkişaf prioritetlərinə uyğun gəlir”.

Turan Rzayev

Mənbə: globalinfo.az