Ukrayna Prezidenti Volodimir Zelenski mühüm diplomatik təyinatla çıxış edib.
Belə ki, o, Krım tatar xalqının tanınmış nümayəndəsi Nəriman Cəlalı (Narıman Celalov) Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edib.
Bu addım Ukraynanın həm Krım tatar icmasına verdiyi önəmi, həm də Türkiyə ilə strateji əlaqələrinə verdiyi dəyəri göstərir. Nəriman Cəlalın tərcümeyi-halına nəzər saldıqda isə onun səfir postuna gətirilməsinin arxasında ciddi siyasi və simvolik məqamların dayandığını görmək mümkündür.
Hazırda 45 yaşında olan Nəriman Cəlal 2013-cü ildən etibarən Krım Tatar Milli Məclisinin sədr müavini vəzifəsində fəaliyyət göstərib. Rusiya Federasiyası bu qurumu ekstremist təşkilat kimi tanıyaraq qadağan edib.
Peşəkar politoloq olan Nəriman Cəlal uzun illər Ukraynada fəaliyyət göstərən Krım tatar mediasında çalışıb. 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra yarımadada qalmaq qərarı verən Cəlal, bu mövqeyi ilə həm xalqına bağlılığını, həm də mübarizə iradəsini nümayiş etdirib.
2021-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılan Nəriman Cəlal, Krımın Perovalnı kəndində qaz kəmərinin partladılmasında ittiham olunub. 2022-ci ilin sentyabrında işğalçı Krım məhkəməsi onu 17 il müddətinə ciddi rejimli koloniyada azadlıqdan məhrum etdi.
O, bu müddət ərzində Sibir bölgəsində – Krasnoyarsk diyarında yerləşən koloniyada saxlanılıb. Onun həbsdə olduğu dövrdə – 2022-ci ilin martında atası Ənvər Cəlal Krımda vəfat edib, oğlunun azadlığa çıxmasını görə bilməyib.
2024-cü ilin 28 iyun tarixində baş tutan Rusiya-Ukrayna məhbus mübadiləsi nəticəsində Nəriman Cəlal azadlığa buraxılıb. O, 2019-cu ildən sonra Rusiya həbsxanalarından çıxarılan ilk Krım tatarı siyasi məhbus olub.
Səfir təyinatı ilə bağlı verilən qərar onun yalnız bir xalqın təmsilçisi kimi deyil, həm də Ukraynanın siyasi gələcəyində aktiv rol oynamaq potensialına sahib dövlət xadimi kimi tanındığını göstərir.
Qeyd edək ki, Ukrayna Müdafiə naziri vəzifəsini də Krım tatar əsilli siyasətçi – 43 yaşlı Rüstəm Umerov icra edir. O, eyni zamanda Krım Tatar Milli Məclisinin lideri Mustafa Cəmilovun əsas müşavirlərindəndir. Rüstəm Umerov Ukrayna tarixində ilk müsəlman və Krım tatarı olan müdafiə naziridir.
Nəriman Cəlalın səfir təyinatı həm Ukrayna diplomatiyasında, həm də Krım tatarlarının mübarizəsində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. O, təkcə rəsmi əlaqələrin qurucusu deyil, eyni zamanda xalqının səsini beynəlxalq arenada ucaldan bir sima olaraq çıxış edəcək.
Mənbə: musavat.com