Onlar Azərbaycanda Rusiyanın casuslarıdır?

Onlar Azərbaycanda Rusiyanın casuslarıdır?

Azərbaycan üçün ən həlledici məqamlarda cəmiyyəti parçalayan, diqqəti fərqli istiqamətlərə yönləndirən yanaşmaları ortaya atanlar olur.

- İranın təhlükəli təsirlərinə qarşı mübarizə aparanda bütün şiələri “casus” elan edirlər;
- Qərbin təhlükəli təsirlərinə qarşı mübarizə aparanda bütün liberal düşüncəli insanları “casus” elan edirlər;
- Rusiyanın təhlükəli təsirlərinə qarşı mübarizədə bütün rusdilliləri, rus sektorunda təhsil alanları “casus” elan edirlər;
Bunu cəmiyyəti parçalamaq, diqqəti mahiyyətdən yayındırmaq üçün məqsədyönlü şəkildə edənlər də var, bu ölkəyə “yaxşılıq” etdiyini düşünənlər də. Rus sektoru məsələsi təhsilin problemidir, məsələyə təhsil kontekstində yanaşanları anlamaq olur, məsələ yalnız bu kontekstdə müzakirə edilərsə, hansısa nəticə əldə etmək olar.
Lakin bütün rus sektorunda təhsil alanları “casus” və “potensial casus” elan edənlərin bu ölkənin gələcəyi üçün ideoloji qarşıdurma toxumları səpdiklərinin fərqində olduğu mübahisəlidir.
- Cümhuriyyəti quranlar rus dilində (fərqli dillərdə) təhsil almışdılar;
- SSRİ-yə qarşı çıxan və imperiyanı dağıdanlar, başda Əbülfəz Elçibəy olmaqla 70 illik rus təhsil sisteminin yetirmələri idi;
- Rusiyanın və İranın parçalamaq istədiyi, de-fakto parçaladığı Azərbaycanı təhlükələrdən xilas edən Heydər Əliyev SSRİ-yə rəhbərlik etmişdi;
- Və nəhayət, Qarabağı azad edən və Rusiyanın bu coğrafiyadakı 200 illik planlarını sıradan çıxaran İlham Əliyev təhsilini rus dilində almışdı;
Bu şəxsiyyətlərlə eyni dildə təhsil alan uşaqları “casus” – “potensial casus” adlandırmaq doğrudurmu? Rus dilində təhsil almaq Azərbaycan dövlətinin təhsildə təqdim etdiyi seçimdir, insanlar da bu seçimdən istifadə edirlər. Dövlət bu seçimi ləğv edərsə, yaxud dəyişərsə, bu yenə təhsil kontekstində müzakirə edilməlidir. Məsələni siyasi-ideoloji müstəviyə daşımağın cəmiyyəti parçalamaqdan başqa heç bir faydası olmur.

Mənbə: www.bakupost.az